воскресенье, 17 августа 2014 г.

Ən ucuz və ən təhlükəli...


Tibb elmləri doktoru Adil Qeybulla tərəvəz məhsullarından zəhərlənmələr haqqındadeyir:
“Hazırda tərəvəz məhsullarından, xüsusən də qarpızdan kütləvi zəhərlənmə halları var. Birinci səbəb odur ki, bazara çıxarılan məhsullar yoxlamadan keçirilmir. Tərəvəz məhsullarının yetişdirilməsində müəyyən gübrələrdən istifadə olunur. Qarpız isə elə meyvədir ki, gübrəni digər məhsullara nisbətən daha çox özünə çəkir. Məhsulun tərkibində gübrənin miqdarı çox olduqda isə zəhərlənmə yaradır. Qarpız satışa buraxılmazdan əvvəl baytarlıq laboratoriyaları tərəfindən ciddi yoxlanmalı, tərkibində gübrənin miqdarının normadan artıq olub-olmadığı müəyyənləşməlidir. Məhsula həddindən artıq gübrə verildikdə daxildə toksiki maddəyə çevrilmə ehtimalı çox böyük olur. Əhali qarpız alarkən ehtiyatlı olmalıdır. Qarpız kəsilərkən onun içinə diqqət etmək lazımdır. Qarpızın içində ağ zolaqlar çox nəzərə çarpan və gözə görünəndirsə, belə qarpızı yemək olmaz. Gərək qarpızda ağ zolaqlar olmasın. Yaxşı dəymiş, dərmansız qarpızlarda belə zolaqlar ya heç olmur, ya da çox cüzi miqdarda görünür. Ümumiyyətlə, tərəvəz məhsulları, meyvə alarkən onun keyfiyyətinə, dəymiş olub-olmadığına diqqət edilməlidir. Digər bir səbəb, əhalinin qida qəbul edərkən vacib şərtlərə etinasız yanaşmasıdır. Bir çox hallarda, görürsən ki, susuzluğu yatırmaq üçün çoxlu qarpız yeməyə üstünlük verirlər. Qarpız heç vaxt susuzluğu yatırmır. Susuzluğun dərmanı ancaq sudur. Ancaq bizim camaat qarpızı su əvəzinə qəbul edir. Qarpız bir qida vasitəsidir və onu qəbul etməyin də öz norması var. Bir adam bir qarpızı qarşısına qoyub yeyirsə, əlbəttə, bu ona əzab verəcək. Qarpız naharın yanında, sadəcə, bir neçə dilim qoyulmalıdır. İsti xörəklə eyni zamanda soyuq, soyuducudan yenicə çıxarılmış qarpız yemək qətiyyən olmaz. İsti xörəklə soyuq qarpız kəskin təzad təşkil edir və mədəyə də ziyan verir. Soyuq qarpız diş minasının da düşmənidir. Qarpız mütləq otaq temperaturunda yeyilməlidir. Qarpız yedikdən sonra üstündən su içmək qətiyyən düzgün deyil. İsti havada çalışmaq lazımdır ki, mədə gücə salınmasın. Çünki isti havada orqanizm onsuz da halsızdır. Onu üstəlik yeməklə də yükləmək, əlbəttə, fəsadlara səbəb olacaq. Qidanı gün ərzində qəbul etmək, axşam saatlarını yüngül yeməklə keçirmək, gecə qidalanmadan isə, ümumiyyətlə, imtina edilməlidir. Həkim onu da məsləhət gördü ki, əgər qarpızdan zəhərlənmə baş veribsə, burada ancaq mədə-bağırsağın təcili yuyulması kömək edir. Belə bir hal baş veribsə, yaxud zəhərlənmə ehtimalı varsa, təcili həkimə müraciət etmək lazımdır”.

 

Комментариев нет:

Отправить комментарий