воскресенье, 3 августа 2014 г.

İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ NƏLƏRDİR?

İBADƏTİN KAMİLLİK ŞƏRTLƏRİ

İbadətin düzgünlük və qəbul olma şərtlərindən əlavə kamillik şərtləri də var. Bu şərtlər ibadətin daha dəyərli və daha tə’sirli olmasına səbəb olur:

1. Çətinliyi olsun
Asan ibadətlər hamının əlindən gəlir. Lakin daha çox iradə, əziyyət tələb edən çətin ibadətlər daha dəyərlidir və kamilliyə daha yaxındır. Qur’an çətin vaxtlarda Allahın peyğəmbərinə kömək edən şəxsləri mədh edir. İmam Həsən Müctəba (ə) minik olmasına baxmayaraq, daha çox mükafat əldə etmək üçün həccə piyada gedirdi. Qur’an yumşaq və isti yataqdan ayrılıb yalvarış və namaza başlayanları tə’rif edir.
Həzrət Əli (ə) buyurur: “Ən üstün iş özünü vadar etdiyin işdir.”
Qur’an çox çalışan və böyük mücahidlərin məqam və mükafatının daha üstün olduğunu bildirir: “Allah mücahidlərə evlərində oturanlardan daha böyük mükafatla imtiyaz vermişdir.”


2. Əhəmiyyətli olsun
Əhəmiyyətli işlər görmək ağıl, uzaq görənlik və xeyir tanıma nişanıdır. İslam daha faydalı və daha mühüm olan işlərə çırır. İstər elm öyrənməkdə, istər ibadətdə, istərsə infaqda! İslam peyğəmbəri (s) buyurur: “Ehtiyaclı yaxınlar olan halda özgələrə kömək dəyərsizdir.”Həzrət Əli (ə) buyurur: “Müstəhəb namazlar vacib namazlara ziyan yetirərsə, Allaha yaxınlığa səbəb olmaz.”

3. Daimi tə’sirə malik olsun

İnsan əməlinin faydası onun bərəkətindədir. Daimi tə’sirli ibadətlər kamil ibadətlərdir. Bə’zi kiçik işlər bə’zi böyük işlərdən daha çox inkişafa səbəb olur. Bə’zi müqəddimələr bir çox əsərlərdən daha çox tə’sirli və bərəkətlidir. Demək, bərəkət ibadətin kamillik şərtlərindəndir.

4. Peyğəmbər (s) xəttində olsun
Xalqın istəyinə və mühitin tələbinə uyğun, ata-babalardan irs qalmış şəkildə ibadətlər yox, din övliyaları və Peyğəmbər (s) sünnəsi xəttində olan ibadətlər kamildir. İbadət hər nə qədər mə’sumların üsuluna yaxın olarsa, bir o qədər dəyərlidir.

5. Öncüllük
İbadət və yaxşı işlərdə öncüllük dəyərdir. Bu qəbil işlərdə önə keçmək kamillik me’yarıdır. Qur’an təkrar-təkrar “sariu” və “sabiqu” göstərişi verir. Qur’an buyurur: “Sizlərdən fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) infaq edənlər və vuruşanlar (başqaları ilə eyni deyillər). Onlar (mallarını Allah yolunda) fəthdən sonra infaq edib döyüşənlərdən dərəcə e’tibarı ilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına ən gözəl mükafat və’d buyurmuşdur.” Demək, yaxşı işlərdə (infaq və cihad) öncüllük kamillik me’yarıdır. Həzrət Əli (ə) buyurur: “Xeyir iş üç halda daha dəyərli olur: sür’ətlə görüldükdə, görülmüş işi kiçik hesab etdikdə (qürrələnmədikdə) və gizli şəkildə olanda.” Buna görə də ən yaxşı namaz vaxtında qılınan namazdır. Namazın vaxtından ötdükcə onun fəziləti azalır. Bizim rəsmi şüarımız sayılan azanda deyirik: “Namaza, qurtuluşa və yaxşı işlərə doğru tələs!”

6. Çətin şəraitdə ibadət
Zülmkar hakimiyyət altında edilən ibadətlər daha çox fədakarlıq istədiyi üçün yüksək tə’sirə və dəyərə malikdir. İbadət və bəndəliyə mane olan xarici mühit və daxili istəklər əl-ələ verərkən onlara qalib gəlmək və Allaha pərəstiş etmək dəyər və kamillikdir. Qur’an həqiqi mö’minləri belə mədh edir: “Allah yolunda vuruşar və heç kəsin tə’nəsindən qorxmazlar.” “Onlar Allahın hökmlərini çatdırar, Ondan çəkinər və Allahdan başqa heç kəsdən qorxmazlar.”
Bəli, zalım hökumət və günahkar mühitdə özlərini və dinlərini qoruyanlar (məsələn, Fir’onun arvadı) yüksək məqam sahibləridir.


7. Həvəslə və davamlı olmalı
Həvəssiz ibadət münafiqlik nişanəsidir. Qur’an münafiqləri təsvir edərkən onların namaz zamanı həvəssiz olduqlarını bildirir: “Onlar namaza durduqları zaman tənbəlliklə (könülsüz) qalxar...” Lakin bəndəliyə həvəs dəyərdir. Davamlı ibadət kamillik səbəbidir. Hədislərdə daimi az əməllərin könülsüz və müvəqqəti çox əməllərdən üstün olduğu göstərilir. Qur’an İslam dinində möhkəm olanlara elm, düşüncə və sair sahələrdə faydalar və mükafatlar və’d edir: “Əgər doğru yolda sabit qalsaydılar, biz onlara bol yağış verərdik...”

8. İbadəti böyük saymamaq
Qürurlu insanlar ibadətlərini böyük və əhəmiyyətli sayırlar. Bu isə əməllərin puç olmasına səbəb olur. Abidin öz ibadətini böyük zənn edib, qürrələnməməsi ibadətin kamillik şərtlərindəndir. İmam Səccad (ə) “Məkarimul-əxlaq” duasında Allahdan istəyir: “İlahi, mənə ibadət tövfiqi ver və ibadətlərimi təkəbbürlə puç etmə.”
Bir çox hədislər göstərir ki, insan yaxşı işlərini və ibadətlərini böyük hesab etməməlidir. Allah-təala Qur’anda mələklərin çox təsbihini, ibadətini və daimi zikrlərini yad edir ki, insanlar bir neçə rəkət namaz və kiçik ibadətləri ilə qürrələnməsinlər.

9. Bəsirətli olmalı
Dində düşüncə, bəsirət və agahlıq əməllərin və ibadətlərin dəyər nişanəsidir. Agahlıq və bəsirət olmadan əməllər lazımi qədər dəyərli ola bilməz. Həzrət Əli (ə) buyurur: “Düşüncə və bəsirətsiz ibadət dəyərsizdir.” Başqa bir hədisdə “yəqin” tə’biri bəyan olunur: “Yəqin” əsasında az, lakin həmişəlik əməl Allah yanında bəsirətsiz və yəqinsiz çox əməldən üstündür.”

Комментариев нет:

Отправить комментарий