воскресенье, 24 мая 2015 г.

Nə Uçün İmamların Adı Qurani Kərimdə Gəlməyib?

Bizə elə gəlir ki, əgər İmamlarımızın adı Quranda olsaydı müsəlmanlar arasında ixtilaf olmazdı.

Cavab: Camaat arasında yayılan şübhələrdən biri də məsum İmamların (onların hamısına Allahın salamı olsun) adlarının Quranda olmaması ilə bağlıdır.
Sualı soruşan şəxs elə bilir ki, əgər İmamların(ə) adları Qurani-Kərimdə yazılmış olsaydı ixtilaf olmayacaqdı, halbuki bu yalnız adi təsəvvürdür. Həqiqət isə tam başqadır.
1- Əgər İmamların(ə) adları Qurani-Kərimdə olsaydı xilafət və dünya malı hərisləri olanlar, bəni-üməyyə və sair kimi, İmamların təvəllüdünün qarşısını almaq üçün kütləvi qırğınlara və genosidə əl atardılar.
O zamanlar, yəni bəni-israil dövründə Bəni-israilin camaatı öz peyğəmbərindən istədilər ki, onlar üçün Allah Taala tərəfindən hakim təyin etsin, təki həmin İlahi hakimin əmri ilə bunlar cihada başlasınlar və düşmənlər tərəfindən işğal edilmiş torpaqlarını geri qaytarsınlar və əsirlikdə olanları azad etsinlər. Onlar dediler
“Onlar öz peyğəmbərinə: “Bizə bir hökmdar göndər ki, (onun köməyi ilə) Allah yolunda (düşmənlərimizlə) vuruşaq!” - dedilər.”
Bəqərə surəsi 246-cı ayə
Onların Peyğəmbəri həmin hakimin adını açıqlayaraq buyurdu:
“Allah Talutu sizə padşah göndərdi”
Bəqərə surəsi 247-ci ayə
Onlara Allah Taala tərəfində İlahi hakimin adının açıq şəkildə deyilməsinə baxmayaraq onlar bəhanə axtarmağa başladılar və dedilər.
“Onlar isə: “Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o, necə bizə padşah ola bilər?” – deyə cavab verdilər. (Peyğəmbər onlara) dedi: “Allah sizdən ötrü onu (bəyənib) seçmiş, elm və bədəncə (qüvvəcə) ona üstünlük vermişdir...”
Bu ayələrdən başa düşülür ki, adın çəkilməyi heç də ixtilafın olmayacağı demək deyil. Taludun adının Allah Taala tərəfindən qeyd edildiyi və onun Bəni-israil nəslinə padşah və imam təyin edildiyi halda insanlar onu qəbul etməkdən imtina etdilər. Bəhanə gətirdilər ki, o kasıbdır, biz ondan daha layiqik hakim olmağa. Ad o vaxt məsləhət olur ki, camaat ona hazır olsun.
Deməli, adın çəkilməsi nəinki ixtilafın aradan getməsinə səbəb olmayacaqdı, hətta çoxlu nahaq qanların tökülməyinə belə səbəb ola bilərdi.
Necə ki, o zamanlar kahinlər Firona dedilər ki, bəni-israil xalqından Musa adlı oğlan uşağı doğulacaq və o, səni məhv edəcək. Fironun əmri ilə bir neçə il ərzində minlərlə doğulan oğlan uşaqlarını öldürdülər ki, Musanın doğulmasının qarşısını alsınlar.
Ona bənzər hadisə on ikinci imam həzrət Mehdi əleyhissalamın da doğulması ərəfəsində baş vermişdi. Hədislərdə on birinci imam Həsən Əskəri əleyhissalamın oğlunun on ikinci İmam olacağı gəlmişdi deyə Bəni-Abbas sülaləsi on birinci İmamı tam nəzarətdə saxlayırdı və göstəriş vermişdi ki, İmam Həsən Əskəri əleyhissalamın oğlu dünyaya gələrsə uşağı dərhal öldürün.

2- İmamların(ə) adları Qurani-Kərimdə olsaydı xilafəti ələ keçirənlər öz övladlarına həmin adları qoyardılar və ixtilaf daha da dərinləşərdi. İnsanlar kimin həqiqi İmam olmasında şəkkə düşərdi.

3- İmamların(ə) yaşadıqları zamanda Əməvilər, Mərvanilər və Abbasilər nəsillərinin Əhli-beytin əleyhinə olan cinayətlərinə baxdıqda görürük ki, əgər İmamların adları Qurani-Kərimdə yazılmış olsaydı bu iş Quranın təhrif edilməsinə səbəb ola bilərdi.

4- Peyğəmbərlərin sonuncusu həzrət Muhəmməd səllAllahu əleyhi və alihin vəzifəsi yalnız Qurani-Kərimi oxumaqdan ibarət deyildi, bəlkə o həzrət həm də Quranın mənalərını və izahını insanlara çatdırırdı.
Necə ki, Qurani-Kərim 16-cı Nəhl surəsinin 44-cü ayəsində buyurur:
“ Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!”
Ayədə işlədilən لتبیّن sözü bəyan edən, şərh edən və izah edən məanasındır Bu da onu göstərir ki, Peyğəmbərimiz(s) Qurani-Kərimi insanlara oxumaqdan əlavə həm də ayələri insanlara izah etmişdir və bu o həzrətin İlahi vəzifəsidir.
Şərait bəzən elə olur ki, adın çəkilməsi mümkün olur. Məslən, Qurani-Kərim 61-ci Səff surəsinin 6-cı ayəsində İsa peyğəmbərin özündən sonrakı peyğəmbərin gələcəyini insanlara deməsini belə buyurur:
“və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!”
Bəzən isə şərait elə olur ki, adlar yox, ədəd demək mümkün olur. Necə ki, Qurani-Kərim 5-ci Maidə surəsinin 12-ci ayəsində buyurur:ل
“Allah İsrail oğullarından əhd almışdı. Biz onlardan (özlərinə) on iki nəzarətçi (başçı) seçmişdik.”
Bəzən isə elə olur ki, ad və ədəd deyil, xüsusiyyət və sifətlər qeyd edilir. Necə ki, Allah Taala Qurani-Kərimin 5-ci Maidə surəsinin 55-ci ayəsində buyurur:
“Sizin başçınız (əmr verəniniz) ancaq Allah, Onun Peyğəmbəri və o iman gətirənlərdirlər ki, namaz qılır və rükuda olduqları halda zəkat verirlər.”
Əmirləlmöminin Əli əleyhissalamın və ümumilikdə İmamların(ə) sifət və xüsusiyyətləri barəsində Qurani-Kərimdə yüzlərlə ayələr mövcuddur. Sevimli Peyğəmbərimiz də 23 il ərzindəyüzlərlə dəfə on iki imam və ondan sonra canişin olacaq imam Əli əleyhissalamın barəsində insanlar nəsihətlər etmiş və göstərişlər vermişdir.

5- İxtilaflı məsələlərdən təkcə İmamların adının olması deyil ki, kimlərsə bunu onların haqq olmalarına nöqsan tuta. Çoxlu sayda mövzular var ki, yüz illərdir insanların arasında ixtilaf obyekti olmuş, onların üstündə müsəlmanlar arasında qanlar tökülmüşdür. Halbuki o mövzular barədə Qurani-Kərim açıq şəkildə heç nə deməmişdir. Məsələn,
- Allahın sifətləri Onun zatındandır ya zatına əlavədir?
- Allahın ərş üzərində olması nə deməkdir?
- Allahın kəlamı qədimdir yoxsa sonradan yaradılmışdır?
- Yaradışın cəbridir(məcburu) yoxsa ixtiyaridir?
Və sair yüzlərlə ixtilaflı məsələlər...
6- Onu da deyək ki, ixtilafın səbəbi həmişə elmi səbəb olmur. Yəni həmişə belə olmur ki, insanlar bilmirlər deyə ixtilafdadırlar.
Aşura günündə imam Hüseyn əleyhissalamın qarşısında dayananlar, öz zamanlarının İmamını öldürənlər və Peyğəmbərin (s) nəslini əsir götürənlər, qadın və uşaqların sırğalarını onların qulaqlarını cırıb götürənlər, Peyğəmbərin (s) nəslinin qız-qadın-uşaqlarını günlərlə ac saxlayanlar, onların hər şeylərini qarət edənlər ... gərəsən nəyi bilmirdilər???
Onlar hər şeyi yaxşı bilirdilər, amma... olanlar oldu...
Həmçinin Qurani-Kərimdə namaz qılmağa və zəkat verməyə bu qədər təkid olunduğu halda nə üçün müsəlmanların çox namaz qılmır???
Qurani-Kərimdə dəfələrlə ribanın (sələmin) haram olduğu deyildiyi halda insanlar nə üçün riba yeyirlər???
Belə mövzular həddən ziyadə çoxdur. Qurani-Kərimdə açıq aşkar yazıldığı halda müsəlmanların çoxu onu ya heç etmirlər, ya da onun əksinə əməl edirlər.
Deməli, İmamların adlarının Qurani-Kərimdə yazılması ixtilafı həll etməyəcəkdi.Müəllif.Əxlaq Elmləri üzrə tədqiqatçı Rza Əzizoğlu.

Комментариев нет:

Отправить комментарий