воскресенье, 27 июля 2014 г.

Orucun dərəcələri

İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi möminlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.»Həzrət Əli (ə) isə daha xüsusi möminlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.» 

Vacib olan oruclar
Vacib oruclar aşağıdakılardan ibarətdir: 1. Ramazan ayının orucu; 2. Kəffarə orucu; 3. Qəza orucu; 4. Nəzir, əhd və and orucu; 5. Oruc tutmaq üçün muzd alan şəxsin orucu; 6. Etikafın (məsciddə yerinə yetirilən üç günlük ibadət) üçüncü gününün orucu; 7. Təməttö həccində qurbanlıq əvəzi üçün tutulan oruc.

Haram oruclar
Haram oruclar aşağıdakılardan ibarətdir: 1. Qurban bayramı günü tutulan oruc; 2. Fitr bayramı günü tutulan oruc; 3. Minada olan şəxs üçün təşriq günlərinin orucu; 4. Ramazan niyyəti ilə şəkk gününün orucu (bilinmir şəbanın axırıdır, ya ramazanın əvvəli); 5. Susmaq orucu; 6. Gecə-gündüz tutulan oruc; 7. Qadının ərin hüquqları ilə zidd olan müstəhəb orucu; 8. Övladın ata-ananın əziyyətinə, narahatlığına səbəb olan müstəhəb orucu; 9. Xəstə şəxsin, orucun zərərli olduğu şəxsin tutduğu oruc; 10. Müsafirin orucu (səfərə gedən şəxs, istisna olmuş yerlərdən başqa).
Müstəhəb oruclar
Haram və məkruh olan günlərdən başqa ilin bütün günlərində oruc tutmaq müstəhəbdir; amma bəzi günlərdə oruc tutmaq daha çox məsləhətlidir. Həmin günlər aşağıdakılardan ibarətdir:
1. Hər ayın birinci və axırıncı cümə axşamı; 2. Hər ayın onundan sonra olan birinci çərşənbə günü; 3. Hər ayın 13, 14 və 15-ci günləri; 4. Rəcəb və şəban aylarının bütün günləri, ya bu iki aydan bəzi günlər; 5. Novruz bayramı günü; 6. Zilqədə ayının 25-ci, 29-cu günü; 7. Zilhiccə ayının 1-dən 9-na qədər; 8. Qədire-Xum bayramı günü. (Zilhiccə ayının 18-i); 9. Məhərrəm ayının birinci və ikinci günləri; 10. Məhəmməd Peyğəmbərin (s) mübarək doğum günü. (Rəbiyul-əvvəlin 18-i); 11. Həzrət Məhəmmədin (s) peyğəmbərliyə seçildiyi gün. (27 rəcəb)

Məkruh oruclar
Məkruh oruclar aşağıdakılardan ibarətdir:
1. Aşura gününün orucu; 2. Ərəfə günün orucu (Dua oxumağa mane olsa); 3. Ev sahibinin izni olmadan qonağın müstəhəb oruc tutması; 4. Övladın ata-ananın icazəsi olmadan müstəhəb orucu

Комментариев нет:

Отправить комментарий