воскресенье, 27 июля 2014 г.

Orucla bağlı müxtəlif fiqhi məsələlər

Oruc tutmuş qadın yeməyin dadına baxa bilərmi?

Əgər yemək boğaza çatmasa, onun dadına baxmaq olar. Yeməyin dadına baxarkən təsadüfən boğaza çatarsa, oruc batil olmaz. Amma yeməyin dadına baxmaq istəyən kəs əvvəlcədən bilsə ki, yemək boğazına çatacaq və bu iş baş versə, orucu batildir. Belə orucun qəzası tutulmalı və kəffarəsi də verilməlidir.

Oruc tutmuş şəxs yuxuda möhtəlim olarsa (ondan məni xaric olarsa), orucu batil olarmı?
Cavab: İnsanın özündən asılı olmadan məni xaric olarsa, onun orucu batil deyil.

Əgər bir şəxs peyğəmbərin dilindin bir söz deyərsə və sonradan anlayarsa ki, bu söz yalan imiş, orucu batildirmi?
Cavab: Doğru olmadığı sonradan bilinən sözlərə görə oruc batil olmaz.

Əgər bir şəxs bilmədən suya yıxılaraq başı tam suya batarsa, onun orucu batildirmi?
Cavab: Özündən ixtiyarsız suya yıxılan və başı bütünlüklə suya batan insanın orucu batil deyil.

Boynunda cənabət qüslü olan kəs ramazan ayında oruc tuta bilərmi?
Cavab: Ramazan ayında cünub olduğu halda oruc tutmaq istəyən kəs bilərəkdən qüsl verməyib vaxtın darlığını gözləsə və təyəmmüm edib oruc tutsa, onun orucu qəbuldur amma günah işlətmişdir.
Ramazan ayında gecə cünub olan kəs bilsə ki, yatsa sübhədək oyanıb qüsl verə bilməyəcək, yatıb yuxuya qalsa orucu batildir. O adam həm qəza orucu tutmalı, həm də kəffarə verməlidir.
Oruc tutan şəxs gündüz möhtəlim olsa, dərhal qüsl verməyi vacib deyil.

Oruc halda imalə etmək olarmı?
Cavab: Oruc vaxtı imalə etmək orucu batil edir. Amma müalicə üçün şamlardan istifadə etməyin eybi yoxdur. Amma qidalandırıcı şamlardan istifadə etmək olmaz.

Əgər insan özündən ixtiyarsız qusarsa, orucu batil olarmı?
Cavab: İxtiyarsız halda qusmaq orucu batil etmir.

Orucun neçə qisim kəffarəsi olur?
Cavab: Orucun iki qisim kəffarəsi olur: Cəm kəffarə və tək kəffarə. Cəm kəffarə bir bəndə (qul) azad etməkdən, iki ay oruc tutmaqdan və altmış fəqiri doydurmaqdan ibarətdir.

Ramazan ayında hansı hallarda təkcə qəza orucu vacib olur?
Cavab: On halda yalnız qəza orucu vacib olur:
1. Oruc tutmuş şəxs bilərəkdən qussa;
2. Ramazan ayında gecə cünub olub, sübh azanınadək oyanmasa;
3. Oruc tutmağı niyyət etməsə;
4. Cənabət qüslü verməyi yaddan çıxarsa;
5. Sübh azanının olub-olmadığını araşdırmadan orucu pozan bir iş görsə və sonra mə’lum olsa ki, azan olubmuş;
6. Bir şəxsin «sübh olmayıb» deməsi ilə orucu pozan iş görülsə və sonradan sübh olduğu mə’lum olsa;
7. Bir şəxs sübh azanının verildiyini dediyi halda, insan onun sözünü zarafat sayıb, orucu pozan iş gördükdən sonra sübh olduğu mə’lum olsa;
8. Kor və onun kimilər başqa bir kimsənin sözü ilə iftar etsələr və sonra bilinsə ki, məğrib olmayıb;
9. Saf havada qaranlığa görə məğrib olduğunu tə’yin edərək, iftar edilməsi və sonradan məğrib olmadığının aşkar olması; (Amma buludlu havada belə bir gümanla iftar edən kəs üçün qəza yoxdur).
10. Sərinləşmək məqsədi ilə ağıza su alıb, bilmədən suyu udmaq (amma oruc olduğunu unudub, ağzını yaxalayarkən suyu udan kəs üçün qəza orucu yoxdur).

Əgər bir şəxs xəstəlik səbəbindən Ramazan ayında oruc tuta bilməsə və növbəti ilin Ramazan ayınadək sağalmasa, qəza orucu tutmalıdırmı?
Cavab: Növbəti ramazan ayınadək xəstəlik sağalmasa, tutmadığı orucların qəzasını tutmaq vacib deyil, amma hər gün üçün fəqirə on sir (bir sir yetmiş beş qramdır) təam verməlidir.

Qəza oruclarını bir neçə il tə’xirə salan şəxs nə etməlidir?
Cavab: Orucların qəzası tutulmalı və hər gün üçün fəqirə on sir təam verilməlidir.

Atanın qəza namazı və orucları ilə bağlı övlad nə edə bilər?
Cavab: Dünyasını dəyişmiş atanın qəza namazı və orucları böyük oğulun öhdəsinədir.

Səfərə çıxan şəxs oruc tuta bilərmi?
Cavab: Günortadan sonra səfərə çıxan şəxs tutduğu orucu başa vurmalıdır. Günortadan qabaq səfərə çıxan şəxs isə tərəxxüs həddini keçdikdən sonra, yə’ni şəhərin divarları görünmədikdə və azan səsi eşidilmədikdə orucunu açmalıdır. Səfərdən qayıdan şəxs günortadan qabaq vətəninə çatarsa, həmin vaxtadək orucu batil edən işlər görmədiyi halda, oruc tuta bilər. Səfərdən qayıdan şəxs günortadan sonra vətəninə çatarsa, həmin gün oruc tuta bilməz.

Şər’i hakimin hökmü yalnız onun müqəllidlərinəmi aiddir?
Cavab: Əgər şər’i hakim hökm etsə ki, ayın əvvəlidir, ona təqlid etməyənlər də uyğun hökmə əməl etməlidir.

Комментариев нет:

Отправить комментарий