воскресенье, 28 сентября 2014 г.

ZİLHİCCƏ AYININ GÜNDƏLİK DUASI

Zilhiccə ayının əhəmiyyətini tam surətdə açıqlamaq üçün dinimizin gözəl dua töhfələri vardır.
İmam Cəfər Sadiqdən (ə) nəql edilən zilhiccə ayına aid gündəlik duaya diqqət yetirək. Bu duanın hər bir məqamı insanın kamilləşmə arzusuna sanki bir cavabdır. Öncə bu günlərin əhəmiyyətliyi çatdırılır: «Allahım! Bu bir günlərdir ki, Sən o biri günlərdən daha fəzilətli və daha şərəfli qərar vermisən». «Sən Öz lütf və mərhəmətinlə, mənə bunu dərk etməyi nəsib etmisən» – bu, bir İlahi lütfdür ki, insan bu günlərin əhəmiyyətini anlayıb, onlardan bəhrələnə bilsin.«Bəs (onda) nazil et mənə bu günlərin bərəkətini. Və bu günlərə aid nemətlərdən mənə bolluca nəsib et!».
Sonra dua edən bəndə, çağırışını mübarək salamlarla bərəkətləndirir: «Allahım, Səndən istəyim budur ki, Həzrət Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə) salamı çatdırasan». Sonra duada düzgün seçimdə yardım dilənir: «Allahım! Səndən istəyim budur ki, bu günlərdə hidayət yoluna, iffət yoluna, insanlardan ehtiyacsızlıq yoluna düşməyi mənə nəsib edəsən. Və o əməllərə yönəldəsən məni ki, bu əməllərə qarşı Səndə sevgi var və Sən bu əməllərdən razısan».
Duanın növbəti mərhələsində bəndə Rəbbinə tərəf öz gizli vücudi istəklərini yönəldir: «Allahım!, Sən ey bütün şikayətlərin yönəlik ünvanı! Ey bütün daxili sirləri bilən və eşidən bir kəs! Ey bütün varlıqların şahidi! Ey bütün gizlinləri bilən! Həqiqətən Səndən diləyirəm, Səndən istəyimiz budur ki, Peyğəmbər (s) və Əhli-beytinə (ə) salam göndər və bütün bəlaları məndən bu günlərdə uzaq et! Və bu günlərdə mənim dualarımı müstəcəb et! Bu günlərdə məni qüvvətləndir! Bu günlərdə o şeyləri mənə inayət göstər və tofiq əta et ki, onları sevirsən, onlarda razılığın var! Sən itaət etmək tofiqini, Sənin Rəsuluna (s), Sənin Məsumlarına (ə), onların pak naiblərinə itaət etmək tofiqini istəyirəm Səndən, ey Allah!».
Dua edən mübarək günlərin xeir-bərəkətinin ona hədiyyə olunmasını istəyir: «Allahım! Ey rəhmlilərin Ən Rəhimlisi! Mən həqiqətən Səndən istəyirəm ki, Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salam göndər! Bu günlərdə mənə rza və təslim məqamını hədiyyə et! Sən həqiqətən duaları eşidənsən! Bu günlərdə asimandan nazil etdiyin xeyirlərdən məni məhrum etmə! Allahım! Məni günahlardan pak qərar ver!».
Sonra yenə Allahın sevimli-seçilmiş bəndələrinə salam göndərməklə dua zinətləndirilir və vacib olan məsələlər istənilir: «Ey qeybləri bilən! Mənə əbədi cənnəti vacib et! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə)! Bu günlərdə məni o günahı etməyə nəsib etmə ki, onu bağışlamayacaqsan! Mənə o qəmi nəsib etmə ki, ondan nicat yoxdur! Mənə o borcu nəsib etmə ki, onu ödəyə bilməyim! Mənə o itkini nəsib etmə ki, onu geri qaytara bilməyim! Mənə o dünya və axirət ehtiyacı nəsib etmə ki, onlar yüngül və həll ediləsi olmasın! Həqiqətən, ey Allah, Sən hər bir şeyə qadirsən, hər bir şey Sənin hökmündədir».
Allahını tanıyan bəndənin müraciətidir bu: «Ey gizlinləri bilən Allah! Ey göz yaşı axıdanların rəhm edəni! Ey duaları müstəcəb edən! Ey göylərin və yerlərin Rəbbi! Ey o Kəs ki, səslər onun yanında səhv salınmaz! Salam göndər Peyğəmbərə (s) və onun Əhli-beytinə (ə)! Səndən diləyirəm bu günlərdə məni oddan azad olmuşlardan, cəhənnəm odundan xilas olunmuşlardan qərar verəsən! Və bizlərə bu günlərdə Sənin cənnətinə yiyələnməyi nəsib edəsən! Öz rəhmətinlə bizi nicat tapmışlardan qərar verəsən! Səni and verirəm rəhmətinə, ey rəhmətlilərin ən Rəhmətlisi! Allahın salamı olsun ağamız Muhəmməd peyğəmbərə (s) və onun bütün Əhli-beytinə (ə)!».
İmamlarımız (ə) bu dualar vasitəsilə bizə özümüzü tanımağı, Rəbbimizi tanımağı və Yaradana olan müraciətin mərifətini çatdırırlar. Mübarək Zilhiccə ayının digər gözəl əməlləri də vardır ki, dua kitablarında müfəssəl şəkildə zikr olunmuşdur. Allah Təala bütün insanları dua əhlindən qərar versin və Allaha tapınanlar sırasına daxil etsin!

Комментариев нет:

Отправить комментарий