воскресенье, 7 сентября 2014 г.

HƏYATINI DƏYİŞMƏK ÜÇÜN ƏVVƏL ÖZÜNÜ DƏYİŞ

Təbiətdə “uyğunluq” deyilən bir qanun vardır. Bu qanuna görə, hər bir şey özünə uyğun yolla gedər və bu yolda hər bir nəticə özünə münasib olan səbəbdən törəyər. Torpağda həmişə buğda toxumunu əksək, ondan yalnız buğda çıxacaqdır. Arpadan da arpa. Alma ağacı armud bar verməz. Hər bir səbəbdən özünə uyğun nəticə hasil olar. Həmçinin insanın batini də bu qanuna tabedir. Bədbin insandan ümid verici əməl və sözlər zahir olmaz. Çirkin və xəbis nəfsli insandan ruhuna uyğun əməllər zahir olar. Pak qəlbli insandan da saleh əməllər xaric olar.
“Təmiz məmləkətin bitkiləri Rəbbinin iznilə (pak və təmiz məhsul) çıxarar. Pis bir məmləkətin bitkiləri isə yalnız çox çətinliklə özü də az və dəyərsiz (bir məhsul) yetişdirər.”


Həyatda, yalnız pislikləri görən, çətinliklər qarşısında tab gətirməyən, həyata müsibətlərlə dolu olan faydasız və mənasız bir aləm kimi baxan insanın batini zülmətlərlə doludur. Buna görə də hər bir yeri zülmətlərlə bürünmüş kimi görür. Səbir əhli isə çətinliklər müqabilində ilahi dərgaha üsyan və etiraz etmədən tam bir surətdə təslim olar. Həyatdan bacardıqları qədər faydalı istifadə etməyə çalışarlar.
İmam Sadiq (ə) buyurub: “Səbir insanın batində olan nuru və səfanı zahir edər. Taqətsizlik və etiraz isə batində olan zülmət və vəhşəti zahir edər.”
Bəla müqabilində təlatümə düşməmək,etiraz və narazılığa başlamamaq insanın qəlbinin nuraniyyətini göstərir. Batini bədbinlik zülməti ilə bürünmüş və hər şey şeydə pislik və şər görən, hər bir şeyə qorxu ilə yanaşan insan isə bəla müqabilində üsyana qalxar, sınar, taqətsiz olar, özünü ələ ala bilməz.
Sonra buyurur: “Hamı səbirli olduğunu iddia edər. Lakin bu iddiada, yalnız təvazökar və təslim olan insanlar sabitqədəm olarlar. Hamı müsibət zamanı təhəmmülsüz olmadığını deyər. Lakin bəla onlara başa salar ki, münafiqdirlər. Bəla və müsibətin gəlməsi kimin iddiasında doğruçu və yalançı olduğunu aşkar edər”.

Bəla və çətinlik insanların batini həqiqətlərini zahir edər, onların əsl üzünü göstərər. Qəlbi saf olan, ilahi qəza qarşısında mütəvazi və təslim olan bəndələr onun qarşısında alınmaz qala kimi olarlar. Münafiq və xəstə qəlbli insanlar isə hər kiçik çətinlikdən narahat olub, ilahi dərgaha etiraz edərlər.
Hədisin davamında buyurur: “Səbir elə bir şeydir ki, bəziləri üçün əvvəli acı, sonu isə şirindir. Bəziləri üçün isə həm əvvəli acıdır, həm də sonu. Ona görə hər kim səbrin sonundan daxil olsa, həqiqətən, daxil ola biləcəkdir. Və onun əvvəlindən daxil olan kəs isə şübhəsiz, səbirdən xaric olacaqdır”.
Səbir etmək çətin bir işdir. Ona sahib olmaq da çətindir. Səbrin əvvəli çətindir. Lakin sonu və nəticəsi onun sahibi üçün çox şirindir. Səbrin gözəl səmərəsi və şirin meyvəsi vardır. Səbrə sahib olmaq, bu yolda davamlı addımlamaq üçün səbrin həm əvvəlini, həm də şirin sonunu bir yerdə bütünlükdə nəzərə almaq lazımdır. Kim nəzər və diqqətini səbir yolunun yalnız acılığına yönəltsə bu yolu gedə bilməyəcəkdir. Son nəticədə hər bir şey insanın baxış tərzinə qayıdır. Həyata acı və bədbin nəzərlərlə, naümid baxışlarla baxan insanı bu dünya kor edər. Həyatda baş verən hadisələr onun üçün acı gələr. Hər bir çətin işin faydalarını və yaxşı nəticələrini düşünmək lazımdır. Yalnız bu cür çətinliklərin öhdəsindən gəlmək olar.


(Bəla və Səbir kitabından)

Комментариев нет:

Отправить комментарий