воскресенье, 20 апреля 2014 г.

İbadət yox, bəndəlik!

Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...



Qəlbən qəbul edilməyən zahiri ibadətlər dəyərsizdir. Bəndə Allahın göstərişləri qarşısında qeyd-şərtsiz təslim olmalı, şəxsi istəklərini kənara qoymalı və xalqın xoşuna gəlib-gəlməyəcəyinə e’tina göstərməməlidir. Bu nə üçün-niyəsiz təslim olma ibadətin fəlsəfəsi olan bəndəlikdir.
İblis keçmiş ibadətlərinə baxmayaraq bəndəlik ruhiyyəsi olmadığından Adəmə (ə) səcdə etmədi, Allahın göstərişindən boyun qaçırıb kafir oldu.
Xalqın peyğəmbərlərin də’vətindən boyun qaçırıb təkəbbür göstərmələrinin səbəbi onlarda bəndəlik və təslimçilik ruhiyyəsinin olmaması və nəfslərinə tabe olmaları idi. Qur’an buyurur: “Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi?!” (“Bəqərə” surəsi, ayə 87) “Amma xeyr! Sənin Allahına and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim tə’yin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan tam bir itaətlə Allahın hökmünə təslim olmayınca (həqiqi surətdə) iman gətirmiş olmazlar.” (“Nisa” surəsi, ayə 65)
Demək, insanın razılığı, təslimçilik və bəndəliyindən qaynaqlanan ibadət dəyərlidir. İbadət özünə bəndəlik və nəfsə tabeçilik yox, Allaha bəndəlikdir.
İlkin İslam dövründə müsəlmanlara cihad hökmü gələrkən bə’ziləri deyirdilər: “Nə üçün bu göstəriş bir müddət tə’xirə salınmayıb, indi gəldi?” “Ey Rəbbimiz! Cihad etməyi nə üçün bizə vacib etdin, nə olardı ki, bizi yaxın zamana qədər yubandıraydın...” (“Nisa” surəsi, ayə 77) Qiblənin Beytül-müqəddəsdən Kə’bəyə doğru dəyişilməsi hadisəsində bə’ziləri dedilər: “Niyə? Qur’an belə cavab verir: “Kimin peyğəmbərə itaət edəcəyini və kimin geri qayıdacağını (ağız əyəcəyini) bilmək üçün.” (bax: “Bəqərə” surəsi, ayə 143)
Təslimçilik və bəndəliyin kamil nümunəsini İbrahim və İsmailin əhvalatında görürük. Həm ata Allahın göstərişinə tam itaət edib, övladını qurbangaha aparır, boğazına bıçaq çəkir; həm də İsmail deyir: “Ey ata, göstəriş veriləni yerinə yetir.” (bax: “Saffat” surəsi, ayə 102)
İbrahim (ə) müt’i və təslim bəndənin kamil nümunəsidir. İstər övladını qurban etməkdə, istər Hacər və İsmaili Məkkənin susuz çöllərində tənha buraxmaqda, istər Nəmrudun oduna atılmağa hazır olmaqda!

Комментариев нет:

Отправить комментарий