воскресенье, 20 апреля 2014 г.

Əbədi günəşin doğması

Bu gün bəşəriyyət üçün çox şərafətli bir gündür. Xanımlar xanımı, bəşəriyyətin ən üstün qadını, Hz.Muhəmmədin (s.ə.v.v) gözünün nuru, qəlbinin meyvəsi olan Xanım Fatimeyi Zəhra(s.ə)nın mübarək mövlud günüdür. Başda İmam Zaman (əccələllahu fərəcəhu şərif) Həzrətləri olmaqla bütün dünya müsəlmanlarını, bütün Zəhra(s.ə) balalarını(seyyidləri) və Xanım Zəhra(s.ə)nı özünə ana bilən hər kəsi bu mübarək mövlud münasibətilə səmimi qəlbdən təbrik edir, sizə bu günün feyzindən lazımınca bəhrələnməyi arzu edirik. Allah-Mütaəldan hər birinizə bu dünyada Xanımın ziyarətin, axirətdə isə şəfaətin nəsib etməsini arzu edirik. Müsəlman dünyasında əgər ki, “Qadınlar Bayramı” –adında bir gün bayram kimi elan ediləcəksə, məhz bu gün elan edilməlidir, çünki bəşəriyyətin ən üstün Qadını məhz bu gün dünyaya göz açaraq, dünyanı gəlişi ilə zinətləndirmiş və Allahın qadına verə biləcəyi ən yüksək dəyərləri özündə cəm edərək kamil qadın nümünəsin bütün bəşəriyyətə göstərmişdir. Bu münasibətlə bütün Müsəlman Xanımları “Qadınlar Günü”münasibətilə təbrik edir, onlara Xanım Zəhra(s.ə)nın layiqli ardıcılları olmağı arzu edirik!

Bayramınız Mübarək!!!


Be’sətdən (peyğəmbərliyə çatandan) beş il sonra Cəmadiüs-sani ayının iyirmisində qeybi ruzilərin bəhrəsi yer üzündə təcəlli etdi, Zəhra ulduzu doğuldu. Məhəmməd (s) və Xədicə (s) evi Fatimənin mələkuti nuru ilə işıqlandı. Pak və oxşarsız atadan, pakizə bir anadan bir körpə dünyaya gəldi ki, aləmi sahilsiz kamillik dəryasında qərq etdi. Qısa və bərəkətli ömründə bəşəriyyəti təəccüb və heyrətə gətirdi. Əgər mələklər insan xilqətinin əsrarından xəbərdar olsaydılar, bilsəydilər ki, Adəm nəslindən belə bir əxlaqi fəzilətli, ilahi sifətli insan ərsəyə gələcək, ilahi məhzərdə «Adəmi nə üçün yaratdın?» deyə sual verməzdilər. («Bəqərə» surəsi, ayə 30). Çünki mələklər insan deyildikdə yalnız günahkar və fəsad törədən adamları təsəvvür edirdilər. Onlar insanın Fatimə sayaq uca məqamından xəbərsiz idilər. Qarşısında səcdə qıldıqları Zəhra (s) indi də mələklərin sevimlisidir.
Bu gün söhbət Məhəmməd (s) «kövsərinin» cari olmasından, sahilsiz kamal dəryasının sədasından, nəhayətsiz mələkut rəhmətindən, daim yaşıl qol-budaqlı, dərin kök atmış paklıq şəcərəsinin (ağacının) yüksəlməsindən gedir. «Xoş bir söz kökü yerdə möhkəm olub, budaqları səmaya ucalan gözəl bir ağac kimidir». Bütün bəşəriyyət onun səmərəsindən faydalanır.
Zəhranın (s) doğum günü kamil insan simasının parladığı, islamın nümunəvi xanımının doğulduğu gündür. İmamətin on bir parlaq ulduzunun anası odur. Bə’zi rəvayətlərə görə Zəhra Qədr gecəsidir. Ustadların tə’birincə, axı necə də Qədr gecəsi olmasın, məgər on bir natiq, danışan Qur’an bu gecədə (Fatimədə) nazil olmadımı!
Bu gün söhbət fəzilətlər anasının, dünya qadınlarının tacı, Məhəmmədin (s) gözünün nuru, yarı canı, qəlb meyvəsi Zəhranın viladətindən gedir. Həzrət onun haqqında buyurub: «Atan sənə fəda olsun».

Allahın Peyğəmbəri(s):«Fatimə mənim bədənimin bir parçasıdır. Onu sevindirən məni sevindirib və onu qəmləndirən məni qəmləndirib. Fatimə mənim üçün ən əziz şəxsdir.» (1)

Allahın Peyğəmbəri(s):«Həqiqətən Fatimə mənim bədənimin bir parçasıdır. O mənim gözümün nuru və qəlbimin meyvəsidir. Onu qəmləndirən məni də qəmləndirir və onu şad edən məni də şad edir. O mənim Əhli-Beytimdən mənə qovuşan ilk şəxsdir.» (2)

Fatimə dünya xanımlarının xanımıdır
Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünya xanımlarının xanımıdır.» (3)
Allahın Peyğəmbəri(s):«Fatimə Cənnət xanımlarının xanımıdır.» (4)
Allahın Peyğəmbəri(s):«Qızım Fatimə dünyanın – yaradılışın əvvəlindən sonuna kimi – bütün qadınlarının xanımıdır.» (5)
1.Biharul-Ənvar, c.43, səh.23, hədis 17
2. Əmali-Səduq, səh.394, hədis 18
3. Biharul-Ənvar, 43, səh.22, hədis 13
4.Musnəd əhməd ibn Hənbəl, c.3,səh.80
5. Nurus-Səqəleyn, c.1, səh.338, hədis 135

Комментариев нет:

Отправить комментарий