среда, 25 февраля 2015 г.

Zeynəb atanın zinəti deməkdir.

Zeynəb atanın zinəti deməkdir.
Allah tərəfindən belə adlanan bu qız öz vəzifəsini yerinə yetirməklə tarixin zinəti və ailəsinin fəxri oldu. Odur ki, Zeynəb adı məhz onun fədakarlığı hesabına həmişə gözəl, müqəddəs və əbədidir. Bu vilayət dürrünün adqoyma mərasimi haqqındakı tarixdə belə oxuyuruq: Səmavi ad Zeynəbi-Kubranın təvəllüdü zamanı həzrət Peyğəmbər (s) səfərdə olduğundan Fatimə Əlidən istədi ki, övladları üçün ad qoysun. Əli (ə) buyurdu: Mən atandan qabağa keçmərəm, səbr edək Peyğəmbər (s) səfərdən gəlsin. Peyğəmbər (s) səfərdən qayıtdıqdan sonra Əli (ə) Zəhranın uşağı olmasını xəbərini Peyğəmbərə çatdırıb, ondan uşaq üçün ad qoymasını xahiş etdi. Peyğəmbər (s) buyurdu: Fatimənin övladları mənim övladlarımdır, lakin onlar barəsində qərara gəlmək yalnız Allaha məxsusdur. Ondan sonra Cəbrayil nazil olub xəbər gətirdi ki, Allah buyurur: Bu qızın adını Zeynəb qoy! Çünki Mən bu adı Lövhi-məhfuzda yazmışam. Bunu eşidən Peyğəmbər (s) Zeynəbi öpdü və buyurdu: Tövsiyə edirəm hamı bu qıza hörmət etsin, çünki o, Xədiceyi-Kubra kimidir. Yəni həzrət Xədicənin fədakarlıqları kimi, həzrət Zeynəbin Allah yolunda dözüm, səbr, şücaət və mübarizəsi İslamın əbədiliyi üçün xüsusi əhəmiyyətə malikdir. Peyğəmbər ilə birlikdə Həzrət Zeynəb beş ilə qədər Peyğəmbərlə bir zamanda yaşamışdır. Bu müddət onun Peyğəmbər (s) səhabələrindən hesab olunmasına kifayətdir və bu da bu barədə yazılmış kitablarda qeyd olunmuşdur. Bu beş il fürsət idi ki, Həzrət Zeynəb Peyğəmbərin mübarək vücudundan səbr və dözüm hədisini yazsın, çünki o, Zeynəbin həyat yolunun bütün müsibətlərindən xəbərdar idi və bilirdi ki, bu çətinliklərə yalnız böyük ruh, dağ kimi möhkəm qəlb və Allah eşqi ilə dolu ürək dözə bilər. Elə bil müsibət, çətinlik Zeynəbin taleyi ilə qarışmış və Allah-taala səbr və dözümü ondan cilvələndirmişdir ki, bütün Allah adamları üçün nümunə olsun. Dərdli yuxu Zeynəb, onu gözləyən qəmli macəraları uşaq vaxtında yuxuda görüb babası Peyğəmbərə (s) söyləyir. Peyğəmbər (s) onu gözləyən bu hadisələri təbir edir ki, Əlinin yetişdirməsi və Zəhranın qucağında böyümüş olan bu qız özünü həmin hadisələrlə görüşə hazır etsin. Bu yuxunu tarixdə belə oxuyuruq: Peyğəmbərin (s) vəfatı yaxınlaşırdı. Bir gün Zeynəb onun yanına gəlib uşaqlara məxsus şirin dillə dedi: «Ey Peyğəmbər (s), bu gecə yuxuda gördüm ki, şiddətli bir külək əsib bütün dünyanı zülmətə qərq etdi. Mən küləyin şiddətindən o tərəf-bu tərəfə düşürdüm. Axırda məcbur qalıb böyük bir ağacdan yapışdım. Amma külək onu da yerindən qopardı. Mən ikinci dəfə onun bir budağından tutdum, amma o da davam gətirmədi. Üçüncü dəfə onun başqa bir budağından yapışdım, lakin külək onu da sındırdı. Sonra bir-birinə yapışmış iki budağa üz tutdum ki, birdən onlar da sındı və mən yuxudan ayıldım.» Peyğəmbər Zeynəbin yuxusunu eşidəndən sonra ağlayıb buyurdu: «Sənin ilk yapışdığın ağac babandır ki, teziliklə dünyadan gedəcək. Sonrakı iki budaq da ata və anandır ki, onlar da dünyadan gedəcəklər. Bir-birinə yapışmış iki budaq isə qardaşların Həsən və Hüseyndir ki, onların müsibətində dünya zülmətə qərq olacaqdır.»

Комментариев нет:

Отправить комментарий