четверг, 19 февраля 2015 г.

Layiqli kişinin xüsusiyyətləri

Layiqli kişinin xüsusiyyətləri


Əməli saleh qadına
malik olmaq kişilər üçün ən böyük səadət və xoşbəxtlik olduğu kimi, bütün qadınlar üçün də layiqli ər ən böyük xoşbəxtlik hesab olunur. Bütün ailələr, xüsusilə ata və analar öz övladlarının, ələlxüsus qızlarının taleyi barəsində həmişə həyəcanda, iztirabdadırlar, bu barədə özlərini məsuliyyətli hesab edir, layiqli kürəkən seçmək üçün səy göstərirlər. İyirminci fəsildə qeyd olunduğu kimi, həyat yoldaşı seçərkən emosiyalara, zövqlərə uymamalı, dəqiq araşdırma aparmadan bir kəslə evlənməməli, bu məsələdə İlahinin dərgahından imdad diləməli, islami şərtləri kürəkəndə nəzərə almalı, vəsvaslıq olmadan, Allaha təvəkkül edərək bu müqəddəs işi yerinə yetirməliyik. Ata qızını ərə verməklə onun ağır bir məsuliyyət sayılan qorunub saxlanmasını öz öhdəsindən gələcəkdə şərtlərə malik olan şəxsin öhdəsinə qoyur. Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) bu məsuliyyətin ağırlığı barəsində buyurur: "Hər kəsin qızı olsa, (onun tərbiyəsi və böyüdülüb boya-başa çatdırılmasına diqqət yetirməklə) həmişə məşəqqətdə və çətinlikdədir.” Həzrət başqa bir hədisdə buyurur: "Dünyanın müşkülləri və çətinlikləri beş şeydədir, onlardan biri də, hətta bir dənə olsa belə qıza malik olmaqdır.” Ola bilsin ki, bu hədis əvvəldə əziz oxuculara təəccüblü görünsün, amma qızın təlim-tərbiyəsində evdarlıq məsələlərini və ərin hüquqlarını öyrənməsinə, habelə onu saxlamaqda ardıcıl nəzarətə, onun öz rəfiqələri ilə rəftarına, elm və bilik kəsb etməsinə və s.-yə diqqət yetirməklə bu həqiqət aydın olur ki, qıza malik olub onun məsuliyyətini öhdəyə almaq son dərəcədə həssas və ağırdır. Belə ki, İmam Sadiq (əleyhissalam) qızın ya təbii ölümünü, ya da ərə getməsini ata üçün aramlıq amili bilir. Buna görə də qızların hörmətli valideynləri çox ayıq olub kürəkən seçərkən islami şərtləri nəzərdə almalıdır. İndi isə Quran ayələri və Əhli-beyt (əleyhissalam) hədislərindən istifadə edərək layiqli kürəkənin xüsiyyətlərini araşdırırıq. Ümidvarıq ki, əziz oxucuların ürəyincə olmuş olsun.
1. Dindarlıq və təqva
Qızlar ərə getdikdən sonra ərinin ixtiyarında və təbbi olaraq onların istəklərinə tabe olduqlarına görə Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) onları ər evində əsir adlandırır. Buna əsasən, ərin təqvası və dindarlığı qadının xoşbəxt olmasının ilkin və əsas şərtidir. Bu şərtin mövcudluğu ərinə hər növ əzab-əziyyət yetirməsinin qarşısını alır, onun hüquqlarına hörmət qoymasına səbəb olur. İmam Baqir (əleyhissalam)-ın səhabələrindən olan Əliyyibni Əsbat, Həzrətin hüzuruna gəlib qızını ərə vermək barədə vəzifəsinin nədən ibarət olduğunu soruşdu, Həzrət buyurdu: "Mən sənin məqsədini başa düşdüm, ey Əliyyibni Əsbat. Sən heç vaxt özün kimi kürəkən tapa bilməzsən. Bu barədə çox ciddi olma, Allahın rəhməti sənə olsun. Çünki cəddim Rəsuli Əkrəm (səlləllahu əleyhi və alih) buyurur ki, əgər elçiliyə gələn şəxs dindar və əxlaqlı olsa, qızınızı ona verin.” İmam (əleyhissalam) bu hədisdə təqva və dindarlığı kürəkən seçməyin əsas şərti bilir. Başqa hədisdə buyurlur ki, bir kəs İmam Müctəba (əleyhissalam)-ın hüzuruna gəlib qızını ərə vermək barəsində Həzrətlə məşvərət etdi. Həzrət buyurdu: "Qızını təqvalı və Allahdan qorxan bir kəsə ərə ver. Çünki əgər o, qızını sevərsə, onun ehtiramını saxlayar, yox əgər sevməzsə, ona zülm etməz.” İmam Baqir (əleyhissalam) buyurur: "Bir kəs sizin qızınızın elçiliyinə gəlsə və siz onun dinini, əmanətdarlığını bəyənsəniz, onda hər kəs olursa olsun, qızınızı ona verin.” Bu və bunun kimi digər hədislər, ərin dindarlığı və təqvasını onun layiqliliyinin əsas şərti bilir və bu kimi şəxslərlə evlənib ailə qurmağı maneəsiz bildirir.

Kitabın adı: İslamda evlənmə və ailə hüququ - 2

Комментариев нет:

Отправить комментарий