пятница, 12 июля 2013 г.

İslam və qadınlar → Hicab taxmaq vacibmidir?






Allaha həmd olsun. Hicab taxmaq Allahın əmridir. Hər bir mömin qadına hicab taxmaq fərzdir, yəni vacibdir. Hicabı tərk edən qadın günahkardır, buna görə Allah qatında cavab verəcəkdir.
Allah istərsə bağışlar, istərsə cəzalandırar. Fəqət ümumiyyətlə hicabın vacib olduğunu bir insan inkar edərsə, yəni "hicab vacib deyil, Allahın əmri deyil" deyərsə küfrə düşmüş olar.
Bu hökm üzrə ümmət icma etmişdir.
Hicab da namaz kimi Allahın əmridir. Namazı tərk etmək günah olduğu kimi, bir qadının naməhrəmlər yanında hicabsız gəzməsi də günahdır. Hicabı sidq ürəkdən istəmək məsələsinə gəlincə. Bəli biz bilirik ki, fərqli bir mühitdə böyüyüb tərbiyə almış, və eyni zamanda dinə yabançı bir mühitdə də həyatını davam etdirən bir qadın üçün İslamı üsula uyğun təsəttürə (örtünmə) birdən birə başlaması çox çətindir. Ancaq bunun yanında bir müsəlman qadın həmişə bu halında dini bir vəcibəni yerinə yetirmədiyinin şüurunda olmalı, hər gün, hər saat özünü bu ağır günahdan necə qurtarmanın yolunu axtarmalıdır. Yəni, necə baş örtüsünə, islami örtünməni öz həyatında tətbiq etməyin yollarını düşünməlidir. Bu həm daxili aləmini (yəni qəlbini) , həm də xarici şərtləri (ev, ailə, iş və s) bu mübarək əmələ əlverişli hala gətirmək yönündə olmalıdır. O (başı açıq müsəlman qadın) bilməlidir ki, naməhrəm yanında hicabsız keçirdiyi hər an, hər saniyə onun əleyhinədir və buna görə Allahın yanında cavab verəcəkdir. Bir də bir şeyi unutmayın Dinin hökmlərini heç zaman istəklərinizə, qəlbinizə görə dəyişməyin, istəklərinizi və qəlbinizi dinə görə dəyişin. Yəni dini istəklərinizə deyil, istəklərinizi dinə uyğunlaşdırın.
Həqiqətən də hicab mömin qadına bir şərəfidir. Bu şərəfdən nə üçün imtina edəsiniz ki... Allahın Kitabı mömin qadınların hicabını eyni zamanda onların azadlığının, hürr qadın olmasının bir rəmzi kimi təqdim etməkdədir.
“Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!” (Əhzab 59)
Eyni zamanda bilin ki, hicab məsələsi bütün İslam tarixi boyu ən həssas məsələ olmuşdur. İslam düşmənlərinin tarixin bütün dövrlərində ən əhəmiyyət verdikləri hədəf müsəlman qadının baş örtüsü olmuşdur. Allah Rəsulunun zamanında belə İslam düşmənlərinin müsəlmanlara qarşı ilk aksiyaları içərisində mömin qadının başını açdırmaq şeytanlığı var idi. Sonrakı dövrlərdə də bu belə oldu, bu gündə belədir. Bu gündə İslam düşmənlərinin həzm edə bilməyəcəyi əsas məsələlərdən biri hicabdır. Hicab sadəcə bir baş örtüsü deyil, İslamın çöhrəsi, onun simvoludur. Ona qarşı çıxanlar, əslində İslama qarşı çıxmaqdadırlar.




Quranda örpəyin hikməti haqqında

Cümə axşamı, 24 Fevral 2011-də  tərəfindən Məqalələr kateqoriyasında yayımlandı.
Yenə də müsəlman xalqımızın qəlbini qıranlar tapıldı. Bu sahədə çox da uzağa gedib düşmən axtarmağa ehtiyac yoxdur. Sapı özümüzdən olan baltalarımız tarix boyu belə işlərdə olub və indi də var. Dinsiz və etiqadsız insan heç vaxt müsəlman bir şəxsin etiqadına toxunmağın ruhi əziyyətini dərk etməz. Necə ki, məsəl var deyərlər “toxun acdan xəbəri olmaz”. Bəziləri müsəlman xalqımızın mal-dövlətindən o qədər yeyiblər ki, artıq xalqın yüz illər boyu qəlblərinin guşəsində qoruyub bizim nəslə qədər çatdırdıqları İslam dininin pak atributlarına və vacib buyurduğu qanunlara özləri əməl etməməkdən əlavə, hələ bu qanunlara ehtiramsızlıq da etməyə cürət edirlər. Tarix belə insanları həmişə qara siyahısına almış və müsəlman cəmiyyətlər onları lənətləmişlər. Ona görə də bəzən ən zalım hakim və dövlətlər müsəlmanların qəlblərini ələ almaqdan ötrü zahirdə də olsa, İslam qanunlarına ehtiram qoyublar. Belə insanların nə müsəlman xalq yanında və nə də Allah dərgahında zərrə qədər də olsa dəyəri və ehtiramı olmamışdır. Allah-taala Quranda bu haqda buyurur:
“O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər – onlar, məhz onlar axirəti inkar edənlərdir. Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!” (Hud surəsi 19-20)
Örpək məsələsi İslamda hər şeydən öncə hər bir müsəlman qadının abır-həya və iffət simvoludur. Tarixdə qadınlarımız 70 illik mənfur bir rejimin təsiri altında olub məcburi şəkildə örpəklərini ağlar gözlə kənara qoysalar da, bu rejim dağıldıqdan sonra çoxları yenidən İslamın ən bəyənilmiş və iffətli qanunlarından biri olan örpək hökmünə əməl etməklə öz iffətlərini örpək simvolu ilə qorumağa çalışmışlar. İslamda örpək məsələsini başa düşməkdən ötrü ilk növbədə islamın ailə-məişət nəzm və qanunlarına diqqət etmək lazımdır. İslamda tərbiyət ailədən başlayır. Hər bir kişi öz ana-bacısının namus və qeyrətini qorumaqdan ötrü çox arzu edər ki, onun ana-bacısının və yaxud da həyat yoldaşının iffətini və gözəlliklərini yalnız, ona doğma və məhrəm olan insanlar görsünlər. Bu məsələyə islamda iffət, namus və paklıq ünvanı ilə baxılır. Belə gözəllikləri qorumaq, qadınların iffətlərini daha da artırmaq və üstün səviyyədə saxlamaqdan ötrü ona örpəkdə olub yalnız ona yaxın, doğma və məhrəm insanlar müqabilində baş-gözünü açmağı buyurur. Bu haqda müqəddəs Quranda oxuyuruq:
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. ” ( Nur surəsi, 31-i ayə)
Göründüyü kimi Allah-taala ayədə qadınları ən yaxın və əziz olan insanların müqabilində örpəkli olmaqdan azad edir. Baxmayaraq ki, bəzən qadınların (məsələn, gəlinlərin qaynata müqabilində örpək bağlamsı bizim el adətimiz kimi daha çox məşhurdur). İslam örpək məsələsində həm qadının iffətini qoruyur, həm də kişilərin təbii və qeyrət hissələrini nəzərə alaraq məsələyə baxır. Heç bir qeyrətli kişi istəməz ki, onun ana-bacısı yaxud, həyat yoldaşının kiminsə tərəfindən şəhvət gözü ilə küçələrdə izlənilsin. Çox hadisələr olub ki, qadının baş-gözünün açıq olması səbəb olub ki, şəhvət xəstəliyinə tutulmuş insanlar ona sataşmaq istəmiş və ya ona söz atmaqla cəmiyyət içində qadını təhqir etmək niyyətinə düşmüşlər. Öprək, qadını, cavan qızı və ana-bacıları belə yaramaz töhmətlərdən qoruyur. Örpəyin hikməti yenə də qeyd etdiymiz kimi ən çox hər bir müsəlmanın ailəsinin təmələinin möhkəm olmasına daha çox xidmət edir.
İslam ailədə qadının şəxsiyyətinin qorunmasına o qədər diqqət edir ki, hətta qadının danışığında səsinin nazikliyindən qarşı tərəfin qəlbində ona qarşı şəhvət hisslərinin oyanmamasından ötrü naməhrəm insanlarla danışıqda bir qədər qürurlu və ciddi şəkildə danışmağı tövsiyə edir. Qadının məlahətli səsi ola bilər onunla danışana, yad kişidə mənfi təsir qoysun və yad kişinin ona qarşı xoşagələməz fikirdə olmasına səbəb olsun. Odur ki, qadınlarda yad kişilər müqabilində çox ciddi tərzdə danışığı ən bəyənilmiş siftlərdən sayılır. Quranda bu haqda oxuyuruq:
“Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın.” (Əhzab surəsi 32-i ayə)
Quranda örpək məsələsinin ilk insan yaranışı zamanına gedib çatmasına işarə vardır. Elə ki, həzrət Adəm (əleyhissalam) və ilk qadın Həvva cənnətdən çıxarılır və onların örtükləri olmur. O cəhətdən, onların şəxsiyyətinin qorumasından ötrü onlara ilk örtük əta olunur. Quranda bu haqda oxuyuruq:
“(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda bədənləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) bədənlərini örtməyə başladılar.” (Əraf surəsi 22-i ayə)
Ayədən məlum olur ki, Adəm (əleyhissalam) və Həvva qadağan olunmuş meyvələri yedikdən sonra behişt paltarlarını əldən verir və ona görə də yarpaqlarla özlərini örtməyə başlayırlar. Bu hadisə, insanın açıq-saçıq olmasının nə qədər günah və bəyənilməz olduğunu açıqlayır. Ona görə də ilk qadın və kişi öz iffət və həyalarını qorumaqdan ötrü ağaç yarpaqlarından istifadə edirlər. Bəs məlum olur ki, insanın iffət və həyasının ilk mərhələsi onun örtükdə olmasıdır və bu məsələ qadınlarda daha mühümdür. Çünki qadının təbii bədən qurluşu və gözəllikləri istər-istəməz yad kişiyə təsir qoya bilər. Təbii ki, bu halət, heyvani hisslərini ələ ala bilməyən və şəhvət düşkünlərini daha tez öz təsiri altına alır. Müasir zamanda məlumdur ki, cavanları şəhvət əsiri etməkdən ötrü hər yerdə olduğu kimi bizim Vətənimizdə də İslam düşmənləri əllərindən gələn qədər proqramlar və fitnə-fəsad məkanları təsis etmiş və etməkdədirlər. Çox yaxşı olardı ki, təhsil naziri və dövlət məmurları İslamın pak və müqəddəs qanunlarına qarşı ehtiramsızlıq proqramlarının əvəzinə Vətənimizdə belə fitnə-fəsad yerlərinə qadağa qoyardılar və cavanlarımız daha mənəvi və təmiz cəmiyyətdə böyüyüb boya başa çatmalarına şərait yaradaydılar. İslam, cəmiyyətin cavanlarının şəhvət xəstəliklərinə düşməməsinə, qadın və cavan qızların iffət və şəxsiyyətlərinin tam şəkildə qorunmasından ötrü örpəyi vacib edir və Quranda bu haqda yenə oxuyuruq:
“Ey Peyğəmbər, öz zövcələrinə, qızlarına və möminlərin zövcələrinə de ki, örpəklərini örtsünlər (onlara bürünsünlər, boyun-boğaz, sinə, qolları və qıçları örtülsün). Bu (iş) onların (hicab və iffətlə) tanınması, (nadürüstlərin onlara) əziyyət verməməsi və incitməməsi üçün daha münasibdir. Allah həmişə bağışlayan və rəhm edəndir.” (Əhzab surəsi 59-cu ayə)
Ayədə açıq-aşkar bildirilir ki, əgər müsəlman qadının başında örtüyü və ya örpəyi olsa, bu onun cəmiyyətə olan xüsusi xəbərdarlığıdır ki, mən müsəlman, mömin qadınam və mənim haqqımda başqa fikrə düşməyəsiniz. Təcrübə göstərir ki, cəmiyyət içində küçə-bazarlarda şəhvət xəstəliyinə tutulmuş cavanlar bəzən qadınlar içindən axtarıb açıq-saçıqlarının ardınca olurlar. Bu da Quranın buyurduğu kimi qadınların cəmiyyət içində əziyyətə düşmələrinə və onların adi hüquqlarının pozulmasına səbəb olur.
Bəzən belə fikirləşirlər ki, əgər qadın və onun həyat yoldaşı, ata-anası da razı olarsa onda onun örpəyinin açması günah sayılmaz və qadın artıq azad şəkildə açıq-saçıq gəzə bilər. Xeyr! Bu məsələ heç də belə deyildir. Məsələ burdadır ki, qadının örpəkdə olması Allah-taalanın ona vacib etdiyi bir haqdır. Bu vacib və zəruri vəzifəni ata-ana, qohum və həyat yoldaşı qadının üzərindən götürə bilməz. Qadın cəmiyyətdə və ailədə çox mühüm bir tərbiyəverici amildir. Allah-taala qadının yaradılışında çox yüksək səviyyəli məhəbbət və tərbiyəverici amillər qoymuşdur. Ona görə də qadının cəmiyyət içində hər cəhətdən iffətinin qorunması əslində ailələrin və ümumi cəmiyyətin qorunması deməkdir. Bu gün qərb cəmiyyətlərində açıq-saçıqlığın acı nəticələrini qərblilər özləri daha yaxşı dərk edir və artıq vəziyyət elə bir hala gəlib çatmışdır ki, qadınların nəzarətə alınması və əsl qadınlıq, analıq hissiyyat və gözəlliklərinin onlara qaytarılması qeyri-mümkün bir hala gəlib çıxmışdır. Bu mənada ki, artıq qərb cəmiyyətində qadınların analıq hissləri əsasında övlad tərbiyəsi və ailədə rolu demək olar ki, öz adi çərçivəsindən çıxmışdır. Bu səbəbdən qərb cəmiyyətində qadınlar daha çox ruhi əziyyət çəkirlər. Hələ o məsələyə işarə etmirik ki, tezliklə qərbdə mavilərin bir-biri ilə evlənməsi bir dəstə qadınların cəmiyyətdən təcrid olunması və qadınlıq hisslərinin və hüquqlarının pozulmasına gətirib çıxaracaq. Bütün bunları nəzərə alaraq, İslamda qadının örpək məsləsində bir neçə əsas amili diqqətə çatdırmaq istərdik:
Birinci: Qadının örpəyi cəmiyyətdə ruhi rahatlığın zamindir; 
Qadın açıq-saçıqlığı və müasir cəmiyyətdə şəhvət və heyvani hisslərin daha çox qabarıq şəkildə təbliği göstərir ki, cəmiyyətdə qadının çılpaqlığı insanın mənəvi ruhiyyəsini pozur və cavanların təbii şəhvət hisslərinin nəzarətdən çıxması, sonda cəmiyyətdə fitnə-fəsadın çoxalması və sair nəticələrə səbəb olur. Bu səbəbdən Allah-taala Quranda qadın və kişilərə xəbərdarlıq edir və özlərini fəsada düşməkdən qorumaqdan ötrü bəzi əməlləri o cümlədən, örtük və örpək məsələsini açıqlayır. Quranda oxuyuruq:
“Mömin kişilərə de ki, (başqalarının ayıb yerləri və yad qadının bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və ayıb yerlərini (görünməkdən) qorusunlar. Bu onlar üçün daha pakdır. Həqiqətən Allah onların etdiklərindən xəbərdardır.
“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar.” (Nur surəsi 30 və 31-i ayələr)
Allah-taala bu ayələrdə cəmiyyətin pozğunluq və şəhvət batlağına düşməməsindən ötrü müsəlman cəmiyyətinə belə göstəriş verir. Təbii ki, bu gün bu müqəddəs ayələrə əməl etmədiyimizin acı nəticələrini cəmiyyətimizdə bəzi cavan oğlan və qızlarda açıq aydın müşahidə etməkdəyik.
İkinci: Qadının örpəyi əslində onun ailəsinin daha da möhkəm tellər üzərində qurulmasına səbəb olur; 
Bəzən qadınlar elə düşünürlər ki, həyat yoldaşının müqabilində küçədə və cəmiyyət içində nə qədər açıq-saçıq, bəzənmiş halda görünsə ailəsi daha möhkəm olar və həyat yoldaşı ona daha çox diqqət edər. Amma təcrübə göstərir ki, belə bir təsəvvür tamamailə yanlış və effektsiz bir əməldir. Doğrudur ki kişilər adətən gözəllik aşiqi, qadınlara münasibətdə heç vaxt tez qane olmur və bəzən də öz həyat yoldaşından əlavə digər qadınlarla da münasibətdə olur, bəzən də ikinci gizlin həyat tərzi keçirir. Bütün bu problemlərin əsas səbəbələrindən biri qadının öz həyat yoldaşını ailədə möhkəm tellərlə ona bağlaya bilməməsidir. Təcrübə göstərir ki, kişilər əgər öz həyat yoldaşlarını cəmiyyət içində örpəkdə və ya İslama uyğun bir tərzdə geyimdə gördükdə, yenidən öz həyat yoldaşlarına vurulur və ailədə möhkəm tellər və bağlılıqlar əmələ gəlir. Özünü tam açıq-saçıq bəzəmək və həyat yoldaşına gözəl görünmək qadınlar üçün ailə daxilində və ev mühitində lazımlıdır. Belə olduqda, qadının həyat yoldaşı gözünü küçə-bazarda açıq-saçıq qadınlardan çəkər və ruhu rahat olar. Ona görə də hər bir ağıllı qadın öz həyat yoldaşını möhkəm tellərlə özünə bağlamaqdan ötrü nə qədər bacarırsa cəmiyyət içində həyat yoldaşının yanında örpəkli və İslama uyğun bir tərzdə olsun.
Əlsində belə bir həyat yoldaşı olan kişi öz qadını ilə daxildə iftixar hissi keçirir və belə həyat yoldaşına görə Allahına şükürlər edir. Amma həyat yoldaşı açıq-saçıq gəzən kişi, zahirdə nə qədər üzü gülsə də daxildə ürəyindən qara qanlar axır. O, həyat yoladaşının yalnız ona məxsus olan gözəlliklərinin başqalarının tamaşasında olmasına qəlbən dözə bilmir və belə hallarda əksər kişilər ürək sözlərini öz həyat yoldaşlarına aça bilmirlər. Çünki, bilirlər ki, onların sözü yerə düşəcəg və sonda talaqla nəticələnəcək. Hədislərdə var ki, Allah-taala, örpəyinə riayət edən qadını həyat yoldaşının gözündə (hətta, o qadının zahiri gözəlliyi olmasa da) bütün qadınlardan gözəl göstərir. Çünki, qəlb Allah-talanın əlindədir. Bu haqda Quranda oxuyuruq:
“Onların qəlbləri arasında (Allah) ülfət yaratdı. Əgər sən yer üzündə olan şeylərin hamısını xərcləsəydin, onların qəlbləri arasında ülfət yarada bilməzdin. Lakin Allah onların aralarında ülfət yaratdı. Həqiqətən O, yenilməz qüdrət və hikmət sahibidir.” (Ənfal surəsi 63-ü ayə)
Göründüyü kimi ayədə açıqlanır ki, qəlblər Allahın əlindədir. Bəs qadınlar öz həyat yoldaşlarının qəlblərini ələ almaqdan ötrü Allahın buyruduqlarını yerinə yetirsələr buna daha çox müvəffəq olarlar. Bu mövzuda örpək ən təsirli vasitədir.
Üçüncü: Örpək və örtük qadına cəmiyyətdə bir əşya kimi baxılmasının qarşısını alır; 
Müasir cəmiyyətimizdə qadın hüquqlarının ən qatı şəkildə pozulma hallarından biri də qadınların cəmiyyətdə kimlərinsə şəxsi mənafeyindən ötrü qəzet və jurnallarda, maşınların satışında, müxtəlif malların reklamlarında çılpaq və açıq şəkildə onlardan alət kimi istifadə edilməsidir. İslam dini bela əməllərə qarşı qəti şəkildə müxalif olub, qadının şəxsiyyətini qorumaqdan ötrü onu hərtərəfli müdafiə edir. Qadınların belə işlərdə istifadə olunması əslində cəmiyyəti fitnə-fəsada tərəf çəkir və qadın şəxsiyyətini alçaldır. Allah-taala Quranda buyurur:
“Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə təqva libası daha yaxşıdır. Bunlar Allahın (insanlar üçün olan) ayə və nişanələrindəndir, bəlkə öyüd-nəsihət aldılar.” ( Əraf surəsi 26-ı ayə)
Bütün bu və onlarla bu məzmunda olan ayələr sübut edir ki, Allah-taala insanlar arasında qadına məxsus məqam və ehtiram qoyur. Qadının cəmiyyətdə tərbiyə və rolunun mühüm olmasına görə ona məxsus bəzi zəruri hökmləri vermişdir. Ona görə də kimliyndən asılı olmayaraq belə bir hökmün cəmiyyətdə tətil və qadağan olunması tam şəkildə fitnə-fəsada xidmət etməkdən başqa bir şeyə qulluq etmir.
Ümidvaram bizim qeyrətli müsəlman xalqımız, ana-bacılarımız belə bir ilahi və pak qanunun müsəlman cəmiyyətimizdə hifz olunmasından ötrü bütün qüvvələrindən istifadə edəcəklər.
“Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər.(Onu) Allah bilir, siz bilməzsiniz.” (Bəqərə surəsi 216-cı ayə)
Faiq Vəlizadə
Əl-Mustafa (s) adına beynəlxalq İslam univeristetinin doktorantı

Комментариев нет:

Отправить комментарий