Peyğəmbərlərin ən böyük
və əsas hədəfi insanların nəfslərini
aludəliklərdən, rəzil sifətlərdən saflaşdırıb onların ruhuna pərvəriş verməkdir.
Allah-təala Qurani-Kərimdə buyurub: “Allah möminlərə minnət qoyaraq onların
arasından özlərindən olan bir peyğəmbər seçdi ki, Allahın ayələrini onlara
oxusun, onların nəfslərini (aludəliklərdən və rəzil sifətlərdən) saflaşdırsın,
onlara kitab və hikmət öyrətsin. Halbuki, əvvəllər onlar azğınlıqda idilər.” 1
Təlim
və tərbiyə məsələsi o qədər
mühüm bir işdir ki, bu peyğəmbərlərin göndərilməsinin əsas hədəfi olmuş və mütəal
Allah da bu barədə Öz bəndələrinə minnət qoymuşdur. İnsanın fərdi və ictimai şəxsiyyəti,
dünyadakı və ya axirətdəki səadəti, yaxud, xoşbəxtliyi öz şəxsiyyətini necə
formalaşdırmasına bağlıdır. Məhz buna görə də insan üçün nəfsin, ruhun saflaşdırılması
onun müqəddəratını həll edən bir məsələ hesab olunur. Peyğəmbərlər məhz buna
görə göndərilmişlər ki, nəfsin təmizlənməsi, pərvəriş edilib təkmilləşdirilməsini
insanlara öyrətsinlər, bu həyati işdə insanların köməkçisi olub onlara düzgün
yol göstərsinlər. Peyğəmbərlər insanların nəfslərini çirkin xüsusiyyətlərdən,
heyvani
Haşiyələr:
“Ali-İmran” surəsi, ayə 164
Səhifə sayı: 2
sifətlərdən paklaşdırmaq,
onlarda gözəl əxlaqi fəzilətləri və insani keyfiyyətləri gücləndirmək üçün göndərilmişlər.
Peyğəmbərlər insanlara nəfsin saflaşdırılması dərsini vermək, üzdəniraq əxlaqı
tanıtmaq, nəfsani istəkləri və meylləri cilovlamaq yolunda kömək etmək, onları
ilahi əzabdan qorxutmaqla nəfslərini pis işlərdən, çirkinliklərdən təmizləmək
üçün göndərilmişlər. Peyğəmbərlər gəlmişlər ki, insani keyfiyyətləri və əxlaqi
səciyyələri onların nəfslərində pərvəriş versinlər, çiçəkləndirsinlər, yaxşı işlərə
təşviq etməklə, rəğbətləndirməklə
onlara köməkçi olsunlar.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: “Sizi gözəl əxlaqlara tövsiyə edirəm. Allah məni
həmin məqsədlə göndərmişdir.” 2
Başqa bir hədisdə
buyurur: “Mən gözəl əxlaqı
tamamlamaqdan ötrü göndərilmişəm.” 3 İmam Cəfər Sadiq (ə) buyurur: “Mütəal Allah Öz Peyğəmbərini gözəl xüsusiyyətlər
üçün seçdi. Deməli hər kəs özündə gözəl əxlaqın olduğunu görsə, gərək bu böyük
nemət üçün Allaha həmd etsin. Hər kəs öz nəfsinin gözəl əxlaqdan məhrum olduğunu
görsə, Allah dərgahında yalvarıb raz-niyaz etsin və Ondan gözəl xüsusiyyətlər
istəsin.” 4
Əmirəl
-möminin Əliyyibni Əbitalib (ə) buyurub: “Əgər behiştə ümidvar olmamağımızı və cəhənnəm
odundan qorxmamağımızı, savaba və əzaba əqidəli olmadığımızı fərz etsəydik belə,
yenə də gözəl əxlaqın axtarışında olmağımız təqdirəlayiq bir iş olardı. Çünki
gözəl əxlaq qələbə və səadət yoludur.” 5
İmam Məhəmməd Baqir (ə) buyurub: “Möminlərin iman cəhətindən ən kamili o kəsdir
ki, onun
əxlaqı gözəl olsun.” 6
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurmuşdur: “Qiyamətdə əməl dəftərinə gözəl əxlaqdan da fəzilətli
bir şey qoyulmaz.” 7
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) başqa bir hədisdə buyurur: “Mənim ümmətimin behiştə daxil
olmasına ən çox səbəb
olacaq şey ilahi təqva və gözəl əxlaqdır.” 8
Bir nəfər Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) yanına gəlib dedi:
“Ey Allahın Rəsulu, din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu:
Haşiyələr:
“Biharul-ənvar”, 69-cu cild, səh.375
“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.282
“Müstədrəkul-vəsail”, 2-ci cild, səh.283
“Müstədrəkul-vəsail”, 3-cü cild, səh.383
“Kafi”, 2-ci cild, səh.99
“Kafi”, 2-ci cild, səh.99
“Kafi”, 2-ci cild, səh.100
Səhifə sayı: 3
“Gözəl əxlaq.” O kişi
gedib Peyğəmbəri-Əkrəmin (s.ə.v.v) sağ tərəfindən qayıtdı və soruşdu: “Din nədir?”
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Gözəl əxlaq.” Yenidən gedib onun sol tərəfində
durdu və dedi: “Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurdu: “Gözəl əxlaq.”
Sonra onun arxasında dayanıb soruşdu: “Din nədir?” Peyğəmbəri-Əkrəm (s.ə.v.v)
ona baxıb buyurdu: “Başa düşmürsənmi? Din bundan ibarətdir ki, qəzəblənməyəsən.”9
İslam dini gözəl əxlaq məsələlərinə xüsusi diqqət yetirmişdir; buna görə
də Quranda əxlaqa aid olan ayələr əhkama aid olan ayələrdən qat-qat çoxdur. Hətta Quran hekayələrində
də əxlaq əsas məqsəd olaraq nəzərdə tutulur. Hədis kitablarında minlərlə əxlaqi
hədis gözə dəyir ki, sair mövzulardan çox olmasa da az deyildir. Gözəl əxlaq
üçün nəzərdə tutulan müjdə və savablar sair əməllər üçün nəzərdə tutulan
savablardan heç də az deyildir. Eləcə də çirkin əxlaq barəsində nəzərdə tutulan
cəzalar və təhdidlər sair əməllər barəsində edilən təhdidlərdən az deyildir.
Deməli, əxlaq məsələsi islamın əsasını təşkil edir və onu dinin ikinci dərəcəli
hökmlərindən, sadəcə olaraq, gözəllik və zinətlənmə vasitəsi hesab etmək olmaz.
Dini hökmlərdə olduğu kimi, əxlaqda da əmrlər və qadağalar vardır. Din hökmlərində
bir əmələ təşviq etmə, savab, yaxud qorxutma və cəza vədəsi vardırsa, əxlaq məsələlərində
də eynilə bu cürdür. Bunların nə kimi fərqi ola bilər?! Deməli biz kamal və səadət
axtarırıqsa, əxlaqi məsələlərə qarşı etinasız olmamalıyıq. Əxlaqi vacib əməlləri
sadəcə olaraq əxlaqi cəhətdən vacib olduqlarına görə tərk eməməli, əxlaqi cəhətdən
qadağan olunanların da sadəcə olaraq əxlaq cəhətindən haram olduğunu bəhanə edərək
yerinə yetirməməliyik.
Namazın vacib, onun tərk
edilməsinin isə haram olub ağır cəzası olduğu kimi, əhdə vəfa etmək də eynilə
vacib, əhdə vəfasız çıxmaq isə haramdır və onun cəzası vardır. Bu kimi işlərin
arasında heç bir fərq yoxdur. Həqiqi və xoşbəxt dindar o kəsdir ki, həm dini vəzifə
və hökmlər qarşısında vəfadar olsun, həm də əxlaqi məsələlərə diqqət yetirsin.
Hətta əxlaqi məsələlərə diqqət yetirilməsi mənəvi-nəfsani kamalda və səadətdə
daha artıq əhəmiyyət kəsb edir (bu məsələ sonradan qeyd olunacaqdır).
Haşiyələr:
“Məhəccətul-beyza”, 5-ci cild, səh.89
Комментариев нет:
Отправить комментарий