воскресенье, 7 июня 2015 г.

Kəkliklərin Şəhadəti

Bir neçə quldur qərb rayonlarından
birində yol kəsib, adam soymaqla məşğul idilər. Günlərin birində həmin quldurlar bir nəfərin yolunu kəsib bütün pul-parasını soyurlar. Sonra həmin adamı ağaca bağlayıb öldürmək istəyirlər. Zavallı adam quldurlara yalvarıb deyir:
“Siz ki, mənim bütün olan-qalan pulumu soyub götürmüsünüz. Məni öldürməklə siz nə qazanacaqsınız? Mən gündəlik gəlirlə dolanan birisiyəm. Ona görə də körpə uşaqlarımın mənsiz dolanışığı çox çətin olar. And olsun Allaha, götürdüyünüz bütün pul-paramı da sizə halal edirəm.”
Quldurlar gülüb dedi:
“Əgər biz halal ruzi qazanmaq istəsəydik, o zaman yol kəsib adam soymağı özümüz üçün gəlir mənbəyi seçməzdik.”
Bəs qiyamət günü Allah qarşısında nə cavab verəcəksiniz?–deyə yazıq kişi dilləndi.
Quldurlar dedilər: “Bu vaxta qədər kim qiyamətdən xəbər gətirib? Çünki, qiyamət yoxdur.” Quldurlar onu öldürmək istəyəndə zavallı kişi üzünü daşın üstündə oturub oxuyan iki kəkliyə tutub deyir:
“Ey quşlar, siz şahid olun ki, bu insafsızlar məni amansızcasına öldürdülər.”
Quldurlar kişinin bu sözlərinə gülə-gülə onun başını bədənindən ayırırlar.
Artıq bu əhvalatdan bir-neçə il keçmişdi. Bir gün əmirlərdən biri öz qulluqçuları ilə həmin ərazidə ova çıxmışdı. Təsadüfən əmir burada həmin quldurlarla rastlaşır və onlardan ov haqqında soruşur. Quldurların kimliyindən xəbəri olmayan əmir onlara deyir: “Əgər bizə bələdçilik etsəniz, sizə zəhmət haqqı verəcəyəm.”
Quldurlar axşam çağına qədər əmir və onu müşayiət edənlərə ov ovlamaqda yardımçı olurlar. Ovlardan kabab bişirib əmir üçün gözəl bir süfrə açırlar. Ovlanmış heyvanlar arasında bir-neçə kəkliyi də kabab edib süfrəyə gətirirlər. Kəklikləri quldurlar özləri ovlamışdılar. Əmir onlara öz ovladıqları kəkliklərdən yeməyi təklif etdi. Kabab olmuş kəklikləri görən quldurlar bir-birinə göz vurub güldülər. Onlar getdikcə daha ucadan gülməyə başladılar. Artıq onlar gülməkdən özlərini saxlaya bilmirdilər.
Qudlurların ədəbsizliyini görən əmir bərk əsəbiləşdi. Onları ağaca bağlayıb çoxlu qamçı vurmağı və yersiz gülməklərinin səbəbini soruşmağı əmr etdi.
Quldurlar dedilər: “Ey əmir, bizim gülüşümüzün səbəbi sən deyilsən.”
“Bəs niyə gülürsünüz?”–deyə əmir onlardan soruşdu.
Onlar bir neçə il bundan əvvəl yazıq kişinin başına açdıqları müsibəti əmir üçün nəql etdilər. Quldurlar bunu fəxrlə əmirə danışıb dedilər:
“Əmir sağ olsun! Bizim gülməyimizin səbəbi kabab olmuş kəkliklərin qiyamət günü necə şəhadət verəcəyi idi.”
Əmir onlara dedi: “Kəkliklər sizin dilinizlə şəhadət verdilər. Bu gün isə sizin üçün qiyamət günüdür.” Sonra quldurlara öldürdükləri zavallı kişidən oğurladıqları əşyaların yerini deməyənə qədər qamçı vurmağı əmr etdi.
Əmir quldurlar tərəfindən öldürülmüş kişinin uşaqlarını çağıtdırıb atalarının oğurlanmış əşyalarını və həmçinin quldurlardan aldığı qan bahasını onlara verdi. Sonra uşaqların gözü önündə quldurların başlarını bədənlərindən üzməyi əmr etdi.

Комментариев нет:

Отправить комментарий