понедельник, 28 сентября 2015 г.

Allah bəyənən ailəyə malik olmaq üçün nə etməli?

Əgər Allahın istədiyi bir ailəyə malik olmaq istəyirsinizsə
, o zaman ailədə İlahi əxlaqa və təqvaya riayət edin. İnsanların arasında ən gözəl rabitə qurmağın yolu - gözəl əxlaq və xoş rəftardır. Tarixdə oxuyuruq ki, Peyğəmbər (s) və Əhli-beyt (ə) gözəl əxlaqı və xoş rəftarı sayəsində müsəlman olmayan çox sayda insanı dinə gətirmişdilər. (Tebyan)
Qurani-Kərimdə Allah Təala Peyğəmbərə (s) xitab edərək buyurur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).
Başqa yerdə buyurulur: “Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. (“Ali-İmran” 159).
Bu ayələr buyurur ki, Peyğəmbərin (s) mülayim və xoş əxlaqlı olması - İlahi rəhmətdir. Əgər insan mülayim olsa, hamı onun ətrafına toplaşar, əks halda hamı ondan qaçar.
Quran bütün insanlara gözəl danışmağı tövsiyə edir. Bu tövsiyəsi ancaq müsəlmanlarla münasibətə aid deyildir, ümumi xarakter daşıyır. Yəni, müsəlman olmayanlarla da gözəl danışın.
Quran ailə münasibətlərinə xüsusi diqqət edir və ailədə gözəl danışmağı və xoş əxlaqa malik olmağı xüsusilə vurğulayır. İnsanların rəftarı cəmiyyətin hər bir fərdinə təsir qoyar. Əgər cəmiyyətdə ictimai ədəbə riayət olunmazsa, fərdin cəmiyyətdəki mövqeyi təhlükəyə düşər. Ona görə də diqqət edilməlidir ki, gözəl əxlaq, gözəl danışıq Allah rizası yolunda olsun. Hətta pislikləri belə, yaxşılıqla dəf etmək olar. Quranın nəzərində yaxşılıq və pislik eyni deyildir. Gərək pislikləri yaxşılıqla dəf edəsən.
Nəticədə qədim kin və düşmənçilik dostluğa çevrilər. Necə ki, Peyğəmbərin (s) düşmənləri dosta çevrildilər. Bəzən gözəl əxlaq bir insanın ürəyini tamamilə dəyişə bilir. Bunun üçün səbirə ehtiyac vardır. Ailə münasibətlərinin islah olması üçün vaxt ayırmaq lazımdır. Ailənin ən gözəl sərmayəsi - gözəl əxlaq və səbirdir. O kəs ki, Allah bəyənən ailə qurmaq istəyir, gərək ailədə İslam əxlaqına riayət etsin.
Gözəl əxlaqın meyarı - gözəl danışmaqdır. Yəni, danışan zaman qarşı tərəfə hörmət qoyulsun və heysiyyəti tapdalanmasın. Bəzən elə sözlər işlədirik ki, qarşı tərəfə sağalmaz yaralar vurur.
Allah bəyənən ailəyə malik olmaq üçün bunlara riayət edək:
1. Gözəl sözlərdən istifadə edib danışaq.
2. Eyb axtarmayaq və gileydən uzaq olaq.
3. Yaxşı cəhətləri tərifləyək.
4.Həyat yoldaşı ilə bağlı sirri qoruyaq 
5. Başqalarının pis danışmağına diqqət etməyək.
6. Qarşı tərəfin nəzərlərinə hörmət qoyaq.
7. Xətaları görməməzliyə vuraq.
8. Hisslərə diqqət edək.
9. İşlərdə həmkarlıq edək.
10. Həyatda rəngarənglik yaradaq.
Həzrət Peyğəmbər (s) buyurur: “Əgər insan bilsə ki, gözəl əxlaqda onun üçün nə gizlənmişdir, inanardı ki, ona möhtacdır”.
İmam Rza (ə) buyurur: “Sizlərdən ən yaxşısı o kəsdir ki, sözlərini gözəl etsin, yoxsula yemək versin və gecəni insanlar yatan zaman namaz qılsın”.
Gözəl danışıqdan sonra gözəl rəftar gələr. Ailə üzvləri bir-biri ilə gülərüz və xoş rəftar olmalıdır. Bəzi insanlar ailədə gileylənməyi sevirlər və bu da həyat yoldaşına əziyyət verər. İnsan yaxşılıqları görüb şükür etməyi bacarmalıdır və bu, bir məharətdir. Onu öyrənmək və əldə etmək mümkündür. Giley məhəbbəti azaldar və münasibətləri gərginləşdirər. Bəzən təzəkkür yaxşı təsir qoyur. Lakin təkrar olarsa, əks təsir qoya bilər.
Ona görə də bir ailənin Allah bəyənən olması üçün ən böyük sərmayəsi - gözəl əxlaq, gözəl danışmaq və səbirli olmaqdır.

Комментариев нет:

Отправить комментарий