суббота, 11 января 2014 г.

Həya

imageBelə bir kəlam var: “Əgər Allah olmasa, bütün işlər məqbuldur”.
Yəni hər şeydən xəbərdar olan Allah qarşısında məsuliyyət, cavabdehlik yoxdursa, nə istəsən eləyə bilərsən. Bəli, həyat pərdəsi yırtılan insandan  nə desən gözləmək olar. Bizi digər canlılardan fərqləndirən, ruhi bir keyfiyyət olan həya duyğusu ruhumuzun çirkinliklər qarşısında sıxılması, pislikərdən qorunmasıdır.
Amma həyalanmaq da var, həyalanmaq da... . Biz fitri həya duyğusu ilə imandan  doğan həya duyğusunu fərqləndirməliyik. Fitri həya duyğusu hər bir fərdə məxsus olub, onu şərəfini, heysiyyatını qoruyur. Bu duğyunun nəticəsidir ki, insan paltar geyinir, ictimai həyatda ayıb sayılan hərəkətlərdən çəkinir. İmandan doğan həya hissi isə insanın qəlbində Allah nuru parlayanda və onun varlığını, vücudunu bürüyəndə özünü aşkar edir. “Həya imandandır” – hədisində işarə edilən həya məhz bu cür həyadır.
Əslində iman 70 şöbədən ibarətdir ki, həya bu şöbələrdən biridir. Həya, qeyrət, namus kimi keyfiyyətlər aydın sübut edir ki, insan ruhu varlıqdır. Çünki bu hisslər maddi olmadığından maddi bədənə aid ola bilməz. Onlar ruha, qəlbə aid keyfiyyətlərdir. Bu keyfiyyətlər insanlığı şərtləndirən keyfiyyətlər olduğundan  zaman-zaman mütəfəkkirlərin təddqiqat obyektinə çevrilmişlər. Vaxtilə məşhur cərrahımız akademik Mustafa bəy Topçubaşov tanınmış alim həmkarı Qəhrəman Qəhrəmanova belə bir sualla müraciət edibmiş? Qəhrəman, “insanların beynində qeyrət nöqtəsi” varmı? Həya, qeyrət, namus nöqtələri:.. . Siyahını uzatmaq da olar. Bir şey dəqiqdir: bu nöqtələrdən məhrum olsaq, sonluğumuza, insanlığımıza nöqtə qoymuş olarıq.
Bəşəriyyətin bütün inkişaf mərhələlərində abır-həyanın qorunması ilə bağlı məsələlər diqqət mərkəzində olmuş və bu gün də mütəfəkkirlərin nəzərindədir. Açıq-saçıqlıq bumu yaşamış Avropanın mütərəqqi ziyalıları da bu fikirdədirlər ki,cəmiyyətdə abır-həya qorunub saxlanılmalıdır ki,  mədəni müqavilələri yox, əksinə insanın ən zərif xarakterik cəhətlərini qorusun. Onun şəxsiyyətini, mənəvi simasını qorusun. Abır-həyanın itirilməsi insanlığın süqutudur. Böyük filosofumuz Nəsrəddin Tusi “Əxlaqi – Nasiri”də göstərir ki, uşaqlarda idraki qüvvələrdən birinci həya əlamətləri özünü göstərir. Ustad, uşağın pis adətlərə meyl  etmək təhlükəsini nəzərə alaraq həya hissinin tərbiyəsində ləngiməməyi tövsiyə edir. Filosofun fikrincə, qızlara evdarlıq, yaşınmaq, vüqarlı olmaq, iffət, həya öyrədilməlidir. Kapitalist bazar münasibətlərinin mənəvi dəyərləri çeynəyib tüpürdüyü bu dövrdə ustad tövsiyələri əvvəlki dövrlərdən də aktualdır.
Tanınmış psixoloq, professor Əbdül Əlizadə “İdrak prosesi və hisslər” kitabında yazır ki, uşaqlarda həya hissinin daha aydın şəkildə təzahür etməsi altı yaşından başlayır. Bəli, 6 yaşdan! Artıq bu yaşdan uşaqlar özlərini qavranılan obyekt kimi qavrayırlar, yəni özlərinə kənardan-başqalarının nəzəri ilə baxa bilirlər. Hədisdə də deyilir ki, 6 yaşına çatmış qız uşaqlarını naməhrəm kişilər öpməməlidirlər. Əbdül müəllim həya hissini mənlik şüuru ilə bağlayır, insan şəxsiyyətinin qoruyucusu hesab edir.
Bəli, bu hiss insanın fitrətindən, təbiətindən qaynaqlanır. Bu hissin hər bir təzahürü gözəldir, təbiidir. Elə qızların örpəyi də həya hissinin təzahürü kimi təbiidir. Əcəba, bəs nədən təbii olan bir şey təhsil işçilərində belə qıcıq doğurur?
Yeri gəlmişkən, həya tərbiyəsində kütləvi informasiya vasitələrinin, xüsusən televiziyanın üzərinə böyük məsuliyyət düşür. “Həzrət Yusif” filminin nümayişi zamanı sübut olundu ki, insanların ruhi-mənəvi ehtiyacını ödəyən hər bir film böyük maraqla, heyrətlə izlənir. Amma televiziya bütövlükdə mənəviyyat güzgüsü olmaqdan çox uzaqdır. Abırsız bir verilişə görə tamaşaçı etirazını bildirdikdə ona dərhal belə cavab verirlər: “Bilirisinizmi, bu verilsin öz tamaşaçıları var. Siz başqa kanalı çevirin.” Belə çıxır ki, hər kəsin zövqünə, nəfsinə, tələbinə uyğun verilişlər verilməlidir.
Həmin tələblər ictimai əxlaqa zidd olsa necə? Cəmiyyətin mənəvi əsaslarını sarsıtmağa yönəlsə necə? Bəziləri, hətta tanınmışlar belə deyirlər ki, televiziyada hətta pis filmlər göstərilsə belə ağıllı adamlar o filmlərin təsirinə heç vaxt düşməzlər. Yaxşı, hələ  yaxşını-pisdən seçməyi bacarmayanlar, yeniyetmələr necə? Onlardamı təsirdən qoruna biləcəklər? Bu ona bənzəyir ki, üfunətli zibili küçəyə atasan və fikirləşəsən ki, onsuz da ağıllı adamlar burunlarını tutub keçəcəklər. O pis dediyimiz, şəhvət dolu səhnələr, qətllər nümayiş etdirən filmlər yeniyetmələrdə, gənclərdə şəhvət, qəzəb qüvvələrini təhrik edir, onları pozğunluğa, zorakılığa sürükləyir.
Əgər biri zəhərli dondurma yesə, həmin dondurmanı satanı məsuliyyətə cəlb edərlər. Bəs yüngül verilişlərlə ruhu zəhərləyənlərə qarşı niyə tədbir görülməsin? Fiziki qidanı qəbul edərkən mütləq işıq yandıran, onun təzəliyinə əmin olmayınca yeməyən bir insan görəsən ruhi-mənəvi qidanı da qəbul edəndə niyə məsuliyyət daşımır, niyə özünü zəhmətə salmır?Yeri gəlmişkən, şəhərdəki reklamlar, küçələrdəki heykəlciklər də həya pərdələrini yırtmaqdadıır.
Fəvvarələr Meydanında iki qız heykəlciyəzini görənlərin əlləri üzündə qalır. Birmənalı şəkildə deyirik: bu heykəlciyəzlər ictimai əxlaqa, ictimai ruha zidd olub, abırsızlıqdır. Gənclər indi əməlli-başlı əylənir, yarıçılpaq vəziyyətdəki heykəlciyəzlərlə şəkil çəkdirirlər. Təklif edirik ki, milli-mənəvi dəyərlərimizə zidd olan bu ciddi xəta aradan götürülsün. Bəlkə, fikirləşək? Ziyanın yarısından da qayıtmaq yaxşıdır.

Комментариев нет:

Отправить комментарий